Maqazin

“Hələ də o insanları öldürmək istəyirəm” – Viktoriya

“Hələ də o insanları öldürmək istəyirəm” – Viktoriyabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən günlərdə məşhur ingiltərəli keçmiş futbolçu Devid Bekhem haqqında lentə alınan “Bekhem” sənədli filminin premyerası baş tutub.

Axşam.az-ın məlumatına görə, ekran işində futbolçunun və həyat yoldaşının səhvlərindən sonra necə qalmaqal yaşamasından, onlara duyulan nifrət hisslərindən danışılıb.

Belə ki, Bekhem 1998-ci il dünya çempionatının 1/8 finalında İngiltərə – Argentina matçında qırmızı vərəqə alıb. David 47-ci dəqiqədə rəqibi Dieqo Simeoneni yıxdığı üçün meydandan qovulub və bu, bütün ölkənin idmançıya nifrətinə, millinin məğlubiyyətinə səbəb olub. Həmin vaxt futbolçunun cəmi 23 yaşı var idi.

Onun britaniyalı həyat yoldaşı, modelyer Viktoriya Bekhem etiraf edib ki, o zaman bu, Devid üçün ən vacib oyun olub. Çünki o, matçdan əvvəl ona ilk övladına hamilə olduğunu deyib.

Lakin matç əsnasında buraxılan bu səhvdən sonra Bekhemə qarşı əsl təqiblər başlayıb və keçmiş futbolçu, ailəsi müxtəlif təhqirlərə məruz qalıb. Bunlardan biri matçların birində 75 min insanın içərisində Viktoriyaya təhqirlərin yer aldığı mahnını oxuması olub.

Həmçinin cütlük daim paparatsilərin təqiblərinə məruz qalıb. Hətta bu təzyiq mərhum Şahzadə Diananın başına gələnlərlə müqayisə edilirdi. Böyük oğlu Bruklin dünyaya gəldikdən sonra isə Bekhemə hədələr gəlməyə başlayıb. Onu uşağı qaçırmaqla hədələyiblər.

“Bu, tamamilə yeni səviyyədə nifrət, ictimai zorakılıq idi. Devid depressiyada idi. Hələ də həmin insanları öldürmək istəyirəm” deyə, Viktoriya sənədli filmdə verdiyi müsahibəsində vurğulayıb.

Bekhem isə həmin hadisələri həyatındakı ən çətin xatirələr olaraq xatırladığını söyləyib:

“Kaş ki, müəyyən xatirələri silə bilən dərman olaydı. Həyatımı dəyişdirən axmaq bir səhv etdim. İnsanlar mənə deyirdilər: “Ölkəni utancverici vəziyyətə salmağa necə baxırsan?”, “Sən biabırçılıqsan”.

Heç vaxt bu barədə danışmağı düşünmürdüm. Sadəcə, bacarmadığım üçün. Yaşadıqlarım barədə danışmaq mənim üçün çətindir, o qədər ifrat idi. Hər gün, harada olmağımdan asılı olmayaraq təhqir olunurdum. Gəzmək belə çətin idi: Küçədə insanların sənə baxdığını, arxanca tüpürdüyünü, təhqir etdiyini, yaxınlaşıb nəsə dediyini görmək… Yemirdim, yatmırdım, heç yaxşı deyildim. Nə etməli olduğumu bilmirdim.

Heç kimə belə diqqət mərkəzində olmağı arzulamazdım. Hələ ailəmi demirəm. Bu, özümü bağışlaya bilməyəcəyim bir şey idi. Baş verənlərin ən çətin hissəsi isə bu səhvi özümün etməyim oldu”.

Viktoriya isə ekran işində həyatının ən çətin dövrünün mediada Bekhemin xəyanəti ilə bağlı xəbərləri çıxdığı zamanlar olduğunu vurğulayıb.