“Beş aydan sonra yox, heç 50 ildən sonra aparıcı Lalə Azərtaşla barışmayacağam. O, verilişində böyük səhv buraxıb. Başından böyük səhv buraxıb”.
7Times.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.
Keçmiş kürəkəni Mustafa İbili ilə “Təsir dairəsi” ictimai-sosial proqramında qalmaqal yaşayan sənətkarın verilişin aparıcısı Lalə Azərtaşla da münasibətləri gərginləşib.
Məmmədov bildirib ki, Azərtaş aparıcısı olduğu verilişdə onu və ailəsini təhqir etdiyinə görə, efirdə üzr istəməlidir: “Lalə Azərtaş aparıcısı olduğu verilişdə mənimlə bağlı çox böyük səhvə yol verib. Lalə elə bilir ki, Cavanşir adi, sıradan müğənnidir və heç nədən başı çıxmır. O, bunların nəticəsini görəcək. Həyat yoldaşımın xəstəlik kağızını ona göstərib, deyirəm ki, xanımım iki dəfə insult keçirib. Lakin Lalə bunun yalan olduğunu bildirib. Guya ona kimsə söyləyib ki, xanımımın xəstə olması yalandır. Ona söylədim ki, bax xanımımın yerişinə, gör o, necə yeriyir. Yalnız xanımımın xəstəlik kağızında yazılmış tarixi oxuyandan sonra “rəngi qaçdı”. Lalə mənə deyir ki, “sən 170 min manatı keçmiş kürəkənin Mustafa İbilidən alsan, onun 70 min manatını mənə verməlisən”. Bu, nə deməkdir? Sən mənimlə pul qazanmışdın ki, sənə 70 min manat verim?
O pulu geri alsam onun müəyyən hissəsini “Yaşat” fonduna ianə edəcəyəm, qazilərə və şəhid ailələrinə verəcəyəm. Lalə yalanlar danışır. Kimsən axı sən? Sən vasitəçisən, aparıcısan qutardıq səninlə vəssalam”.
Qeyd edək ki, Cavanşir Məmmədov ötən gün verilişlərin birində Lalə Azərtaşın ondan və ailəsindən üzr istəmədiyi halda, məhkəməyə verəcəyi ilə hədələyib. Lalə isə aparıcısı olduğu “Təsir dairəsi” ictimai-sosial proqramda “Nəinki gerçək həyatda, heç yuxunuzda da sizdən üzr istəmərəm” sözlərini dilə gətirib.
Xatırladaq ki, Mustafa İbili aylar əvvəl “Təsir dairəsi” verilişinə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı. Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.