İsrail Baş naziri Benyamin Netanyahunun mülki insanların da silahdan istifadə etməsi ilə bağlı bəyanatından sonra ölkədə mülki şəxslər silahlanmağa başlayıb.
“Mülki şəxsləri silahdan istifadə etməyə təşviq edirik”, – deyə İsrail Baş naziri Benyamin Netanyahu bəyanat verib.
Bu bəyanatdan sonra çoxlu sayda mülki vətəndaşın silahla Təl-Əviv küçələrində dolaşdığını görmək mümkündür.
Qeyd edək ki, oktyabrın 7-də İsrail və Fələstin arasında başlayan qarşıdurmalardan sonra İsrail hökuməti silahlanma qaydalarını yumşaldıb. Bununla da mülki vətəndaşlar sanki silahlanma yarışına çıxıblar.
Mülki şəxslərin gündəlik həyatlarında, o cümlədən kafelərdə oturduqları zaman və ya idman edərkən üzərilərində gəzdirdikləri silahlar müharibə ruhunun Təl-Əviv küçələrində də əks olunduğunu ortaya qoyur.
Təl-Əvivdə yaşayan insanlar velosiped sürərkən, çimərlikdə oturarkən, hətta uşaq arabası ilə gəzərkən, idmanla məşğul olarkən əllərində silah gəzdirirlər.