Avropa Super Liqası layihəsi ilə əlaqədar qərar dekabrın 21-də veriləcək.
Offsideplus.az xəbər verir ki, bu barədə “Real”ın prezidenti Florentino Peres ümumi yığıncaqda açıqlama verib.
21 dekabr tarixində Avropa Ədalət Məhkəməsinin Böyük Palatası UEFA və FİFA-nın 2021-ci ilin aprelində Super Liqanın yaradılmasına maneçilik törətməkdə qanuni hərəkət edib-etmədiyinə və bu işdə iştirak edən futbol klublarına sanksiya tətbiq edilib-edilməməsinə dair qərar verəcək.
Florentino Peresin bugünkü nitqindən:
“Kodak iflasa uğradı, çünki necə adaptasiya olacağını bilmirdi. Nokia və Erikson liderliyini itirdi, çünki onlar da necə uyğunlaşacaqlarını bilmirdilər. Bu, bütün sektorlarda baş verir, futbol da istisna deyil. Futbol böhrandadır. Bu məsələ çox ciddidir. Biz indi reaksiya verməliyik, yoxsa futbol xilas olmayacaq. Bu səbəbdən Super Liqa layihəsinə indi hər şeydən daha çox ehtiyac duyulur. Azarkeşlərdən televizorda futbol izləyə bilmələri üçün ayda 100 avro yığmaları dəlilikdir. Bundan əminəm ki, hər gün La Liqada daha çox pul yeyintisi baş verir, La Liqanın prezidentinin məvacibinin artımından başlayaraq.
UEFA monopoliya ilə davam edə bilməz. Avropa ədalətinin zamanıdır. 21 dekabr tarixində qərar veriləcək. Avropa futbolunun gələcəyi 15 hakimin qərarından asılıdır. Avropa Birliyinin prinsipləri və azadlığının futbolu da düzgün idarə edəcəyinə inanırıq. 21 dekabrdan etibarən futbolun rifahı üçün yeni eraya qədəm qoyacağımıza ümid edirik”, o deyib.
Qeyd edək ki, “Barselona”, “Real Madrid” və “Yuventus”un təsis etdiyi Avropa Super Liqasında İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”, İspaniyanın “Atletiko”, İtaliyanın “Milan” və “İnter” komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan UEFA-nın təzyiqi səbəbindən bir çox klub layihədən imtina etmişdi.
Follow @7timesaz