Bakıda piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqer Səbinə Kətanovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.
7Times.az-ın məlumatına görə, Ali Məhkəmədə keçiriləcək proses noyabrın 15-nə təyin edilib.
Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Səbinə Kətanova Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Səbinə Kətanovaya bir il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
İttihama görə 1991-ci il təvəllüdlü Səbinə Kətanova 05 sentyabr 2021-ci il tarixdə, saat 18:10 dəqiqədə idarə etdiyi “Toyota Prado” markalı minik avtomobili ilə Nərimanov rayonu ərazisində yerləşən mebel mağazasının qarşısı ilə saatda 5-10 km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub. Nəticədə Səbinə Röyal Çələbizadənin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib. S.Kətanovanın barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.
Xatırladaq ki, bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirib.
Qeyd edək ki, Səbinə Kətanova “Instagram”da bloqer kimi tanınır. Onun 305 mindən çox izləyicisi var.
Pravda.az
Follow @7timesaz