Ölkə

De Byazi abırsız məğlubiyyətlə yola salınır – ŞƏRH

De Byazi abırsız məğlubiyyətlə yola salınır – ŞƏRHbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol millimiz daha bir tsikli başa vurdu.

Belçikaya qarşı AVRO-2024-ün seçmə mərhələ matçı üçün Brüsselə ezam olunmuşduq. Bu, AFFA və “Etopaz”ın dəstəyi ilə reallaşmışdı.

Belçikadan, paytaxtın təbiətinin gözəlliyindən, iki gün bizi təqib edən yağışdan, oradakı yaşam səviyyəsindən və digər məsələlərdən söz açmayacağam. Bir gün əvvəl komandamız İsveç üzərində inamlı qələbə (3:0) qazanmış və səfərə yaxşı əhval-ruhiyyə ilə yollanmışdı. Buna baxmayaraq, sonuncu görüşdə böyükhesablı məğlubiyyətdən qaça bilmədik. 0:5 hesabı ilə uduzmağımızın çox səbəbləri var. İlk turlarda Avstriya və İsveçdən də 4-5 qol buraxdıq. Üç səfər matçı və qapımızda 14 top gördük.

Baş məşqçi Canni De Byazi isə həm Brüsseldəki oyundan əvvəl, həm də sonrakı mətbuat konfranslarında jurnalistlərin suallarına çox sərt formada cavab verirdi. Bəlkə də artıq özü də burada işinin başa çatdığını dərk edirdi. Görüşdən sonrakı konfransda isə qeyri-etik ifadələr işlətməkdən çəkinmədi. Bu sözlər tərcümə olunmadığı üçün gec xəbərdar olduq. Hətta iş o yerə çatdı ki, AFFA-nın baş katibi Sərxan Hacıyev hava limanında “mütəxəssis”ə görə media nümayəndələrindən üzr də istədi. Bu, böyük ehtimalla italiyalı baş məşqçinin yığmamızda sonuncu matçı və mətbuat konfransı idi.

4 il əvvəl, məhz elə noyabrın 19-da yığmamız AVRO-2020-nin seçmə mərhələsində sonuncu oyununu keçirmişdi. Milli ilə ilk və bu vaxtadək sonuncu səfərim idi. Xorvatiyalı Nikola Yurçeviç Slovakiyaya 0:2 hesablı məğlubiyyətdən sonra postundan ayrılmışdı. Həmin vaxt yalnız 1 xal qazana bilmişdik. De Byazi isə böyük ümidlərlə komandanın “sükanı arxasına” keçdi.

Görəsən, bu dörd ildə nə dəyişib? 2020/2021 mövsümündə Millətlər Liqasında Lüksemburq, Monteneqro və Kiprin olduğu qrupda yalnız 1 qələbə, DÇ-2022-nin seçmə mərhələsində 1 xal, sonrakı Millətlər Liqasında qorxaq futbolla əldən verilən liderlik və AVRO-2024-üç seçmə mərhələsində rəqiblərə lazım olmayan matçlarda qələbə.

De Byazi hər qarşılaşmadan əvvəl lazımsız olsa da, rəqiblərin FIFA reytinqindəki mövqeyini qabardırdı. Onun da nəzərinə çatdıraq ki, millimizə baş məşqçi təyin olunduğu 2020-ci ilin iyulunda reytinqdə 114-cü idik. Hazırda isə 120-ci pillədəyik. Mozambik, Namibiya, Qambiya, Anqola kimi “futbol ölkələri” bizdən irəlidədir. Bakıda heç-heçə etdiyimiz, səfərdə isə qalib gəldiyimiz Estoniya 118-ci mövqedədir. Bəlkə ilk insan məskənlərindən hesab edilən Tanzaniyanı (121) üstələdiyimiz üçün sevinməliyik?

Hazırda millinin heyəti Azərbaycan yığmasının tarixində bütün dövrlərin ən yaxşısıdır. Sadəcə, bu futbolçuların potensialından düzgün istifadə etmək, layiqli oyunçuları heyətə çağırmaq, klublarında forma şansı əldə etməyənlərə dəvət göndərməmək və sair məsələlərə diqqət yetirmək lazım idi.

Sərxan Hacıyev Belçika ilə oyundan əvvəl jurnalistlərə müsahibəsində “abırlı və ya abırsız məğlubiyyət qəbuledilməzdir” demişdi. Dörd il əvvəl elə həmin gündə Yurçeviçi abırlı məğlubiyyətlə yola salmışdıq. De Byazi ilə isə abırsız məğlubiyyətlə vidalaşırıq. Ümid edirik ki, Azərbaycan millisi tarixində sonuncu böyükhesablı məğlubiyyətə şahidlik etmiş baş məşqçi kimi qalacaqsan.

report