Hərbi

ABŞ-ın Ukrayna üçün ayırdığı vəsait tükənir – Konqres 60 milyard dolları təsdiqləməzsə…

ABŞ-ın Ukrayna üçün ayırdığı vəsait tükənir – Konqres 60 milyard dolları təsdiqləməzsə…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyasının Ukraynanı silah və texnika ilə təmin etmək üçün ayırdığı vəsait ilin sonuna qədər tükənəcək.

“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə administrasiyanın büdcə idarəsinin direktoru Şalanda Yanqın Nümayəndələr Palatasının sədrinə göndərdiyi rəsmi məktubda deyilir.

Sənəddə bildirilir ki, Konqres Ukraynaya kömək üçün yeni vəsaiti təsdiqləməsə, Ağ Ev ilin sonuna qədər Kiyevə silah və texnika tədarükünü maliyyələşdirə bilməyəcək. Nəticədə, Ukraynanın Rusiya qoşunlarına qarşı hərbi əməliyyatlar aparmaq qabiliyyətinə zərbə vuracaq.

Oktyabr ayında ABŞ Prezidenti Co Bayden Konqresə Ukrayna və İsrailə ümumilikdə 106 milyard dollar məbləğində silah tədarükü və digər yardımların maliyyələşdirilməsi üçün sorğu göndərib. Həmin vəsaitin təxminən 60 milyard dollarını Ukrayna almalıdır. Lakin bu müraciət Konqres tərəfindən hələ də nəzərdən keçirilməyib. Bəzi sağçı respublikaçılar Ukraynaya vəsaitin ayrılmasını şübhə altına alır, solçu demokratlar isə əksinə, İsrailə hərbi yardıma etiraz edirlər. Tərəflər bir çox prosesual məsələlərdə razılığa gələ bilmirlər. Konqres yanvarın ortalarına qədər müvəqqəti büdcəni təsdiqləsə də, ona Ukrayna üçün ayrılan vəsait daxil deyil.

Eyni zamanda hər iki partiyanın nümayəndələri, o cümlədən Respublikaçılar Partiyasının spikeri Mayk Conson Ukraynaya dəstəyin davam etdirilməsinin zəruriliyini bəyan edirlər. Lakin indiyədək Konqresdə vəsaitin ayrılması ilə bağlı heç bir razılaşma yoxdur.

“Financial Times” yazır ki, Aİ-nin Ukrayna üçün vəd etdiyi 50 milyard avronu ayırması da sual altındadır. Macarıstan 14-15 dekabr tarixlərində keçiriləcək Aİ sammitinin icma büdcəsinə dəyişikliklərin təsdiqlənməsinə mane olacağı ilə hədələyir, Budapeşt üçün Aİ fondlarının dondurulmasını tələb edir. Hollandiyada son seçkilərdə ifrat sağçıların qələbəsi və Almaniyada hökumətin büdcə vəsaitlərinin xərclənməsi qaydalarını sərtləşdirən məhkəmə qərarı da əlavə problemlər yaradır.

“Ukrainska Pravda” nəşri bazar ertəsi yazır ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Kiyevə bu yaxınlarda səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndələri ona bildiriblər ki, 17 milyon mərmiyə ehtiyacları var.

Ukraynaya gələcək yardımın həcmi ilə bağlı qeyri-müəyyən vəziyyət cəbhənin bir çox sektorlarında təşəbbüsün Rusiya qoşunlarına keçməsi fonunda baş verir. Prezident Volodimir Zelenski etiraf edib ki, Ukrayna ordusunun yay əks-hücum əməliyyatı bütün məqsədlərinə çatmayıb. Qərb liderləri, eləcə də NATO-nun baş katibi Ukraynaya dəstəyin davam etdirilməsinə çağırır. Eyni zamanda, onlar etiraf edirlər ki, xüsusən də sursat tədarükü vəd ediləndən az olub.