Bakı və İrəvan arasında əldə edilən son müsbət razılaşma – 34 nəfər saxlanılan hərbçinin azad olunması, eləcə də Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi, Azərbaycanın isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləməsi kimi addımlar müxtəlif aspektlərdən şərh olunur.
7Times.az xəbər verir ki, siyasi şərhçi Nazim Cəfərsoyun sözlərinə görə, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması yaxınlaşır.
“Bu müqavilənin 7 fevraldan öncə imzalanması ehtimalı artıb, ancaq bu prosesin zamanı Ermənistana daxili və qlobal xarici amillərin təsiri ilə dəyişə bilər”.
N.Cəfərsoy Azərbaycan-Ermənistan münasibətlərindəki müsbət dəyişiklikləri şərh edərkən bildirib:
“Müqavilə imzalanarkən tərəflər, xüsusilə Azərbaycan bu sülhün qlobal və regional güclərdən hamısının qazanacağı, ən azı heç birinin itirmədiyi bir hadisə olduğunu önə çıxaracaq. Dolayısıyla müqavilə üçün Moskva, Brüssel, Vaşinqton və Ankaranın dəstəyi alınacaq. Tehrana da müsbət mesajlar göndərilməyə davam ediləcək”.
Ekspert bir sıra maraqlı siyasi proqnozlar da verib:
“Prezident İlham Əliyev 2024-cü ilin 7 fevralında beynəlxalq sistemin normal qəbul edəcəyi bir seçki ilə təkrar seçiləcək.
Sülh müqaviləsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan Qafqaza sülh gətirən liderlər kimi 2024-cü ilin oktyabr ayında veriləcək Nobel sülh mükafatına layiq görüləcəklər.
Paşinyan isə – öldürməsələr- bir gün Azərbaycana səfər edəcək və Xocalıdakı abidənin önündə öz xalqı adına Xocalı qurbanlarından üzr istəyəcək”.(Modern)
Follow @7timesaz