İran Prezidenti İbrahim Rəisi ölkənin Kirman şəhərində törədilən terror aktlarının qisasının alınma vaxtını və yerini İran Silahlı Qüvvələrinin təyin edəcəyini bildirib.
7Times.az İran KİV-nə istinadən xəbər verir ki, o, bunu Kirman şəhərində törədilən hücumda həlak olan 89 nəfərin dəfn mərasimində çıxışı zamanı deyib.
İ.Rəisi İranın gücünün ən mühüm amil olduğunu xatırladıb: “Düşmənlər artıq bizim gücümüzü görüb və hiss ediblər. İran Silahlı Qüvvələri təşəbbüsü ələ alacaq və cavab tədbirinin vaxtını və yerini müəyyənləşdirəcək”.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib.