Rusiya diplomatları ilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı heç bir təmas olmayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiyanın Trampın Ukrayna ətrafında münaqişənin nizamlanması ilə bağlı verdiyi vədləri necə yerinə yetirəcəyi barədə heç bir fikri yoxdur.
“Xeyr, bunun necə həyata keçirilə biləcəyinə dair heç bir təsəvvürümüz yoxdur. Bu məsələ ilə bağlı heç bir təmas olmayıb”, – deyə Peskov Kremlin Trampın sülhə necə nail olmaq niyyətində olduğu və bununla bağlı Trampla rusiyalı diplomatların hər hansı təmaslarının olub-olmaması barədə suala cavab verib.
Qeyd edək ki, Tramp yenə də Ukraynadakı münaqişəni prezident seçkilərində qələbə qazandıqdan dərhal sonra həll edəcəyinə söz verib.