Son günlər ölkə futbolunun əsas mövzusu legioner limitinin dəyişdirilməsidir.
Klublar Komitəsinin son iclasında Premyer Liqa təmsilçilərinin bir neçəsi AFFA-nın baş katibinə bu istəyini çatdırıb. Çempionat iştirakçılarının bəziləri yeni sistemin “8+3” olmasından yanadır. Lakin buna qarşı çıxanlar da var. Çoxları yeni sistemin azərbaycanlı futbolçulara zərər vuracağını bildirir. “8+3” sisteminin milli komandanın daha da zəiflədəcəyini düşünənlər də var. Futbol ictimaiyyətinin bəzi nümayəndələri isə ümumiyyətlə, limitin ləğv edilməsini istəyirlər.
Görəsən, İspaniyada, Portuqaliyada top qovmuş veteran futbolçu Vəli Qasımov legioner limitinin dəyişdirilməsi ilə bağlı nə düşünür. Təcrübəli mütəxəssis məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:
“Legioner limiti olmayan çempionatın keçirilməsi düzgün deyil. Bu, mütləq şəkildə olmalıdır. Burada hər şey klublardan asılıdır. Elə komandalar var ki, Avropa səviyyəsində kollektiv formalaşdırmaq istəyir. Bəziləri də özü futbolçu yetişdirir. Düşünür ki, çox legioner lazım deyil. Bunu müzakirə etmək lazımdır. Düzdür, Klublar Komitəsində bununla bağlı söhbət olub. Amma kimin necə sərf edirsə, o tərəfdən çıxış edib. Amma legioner limiti mütləq lazımdır. Bu gün də görsənir ki, klublar bəzən lazımsız əcnəbi futbolçuları transfer edirlər. Belə halların qarşısını almaq üçün limit mütləq lazımdır”.
Vəli Qasımov sistemin “7+4″dən “8+3″ə dəyişdirilmə ehtimalını da dəyərləndirib:
“Bunun müəyyən məsələlər nəzərə alınmalıdır. Bizim Premyer Liqada komandaların sayı azdır. Burada iştirakçıları artırmaq lazımdır. Təkcə Premyer Liqa ilə kifayətlənməməliyik. I və II Liqada da kollektivlər artırılmalıdır. Çünki bizim də bəzi futbolçularımız var ki, Premyer Liqada oynayacaq səviyyədə deyil. Amma limitə görə heyətə düşürlər. Belə məqamlarda çempionatdakı komandaların sayını artırmaq lazımdır”.
Follow @7timesaz