Ukraynaya yardım haqqında qanun layihəsi yenidən səsverməyə çıxarıla bilər
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Pasxa bayramından sonra Ukraynaya yardım haqqında qanun layihəsini səsverməyə çıxarmağı planlaşdırır.
7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu bazar günü Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, respublikaçı konqresmen Maykl Makkol deyib.
Qeyd edək ki, ABŞ-də Pasxa martın 31-də qeyd ediləcək. Konqres isə aprelin 9-da tətildən qayıdacaq.
CBS-yə müsahibə verən Makkol səsvermənin aprelin 9-da, Nümayəndələr Palatası işə qayıtdıqdan dərhal sonra baş tutub-tutmayacağı ilə bağlı aparıcının sualına cavab verməkdən imtina edib.
Ancaq bunun mümkün olan ən tez bir vaxtda gündəliyə çıxarılmasını istədiyini qeyd edib: “Əfqanıstanda olduğu kimi Ukraynada da uduzsaq, Putinə uduzsaq, onun Ukraynanı, Moldovanı, Gürcüstanı almasına icazə versək, Əfqanıstanda etdiyimiz kimi müttəfiqlərimizi tərk etsək, bu, ABŞ-ni daha güclü, yoxsa zəif edəcək? Məncə daha zəif”.
Makkol qeyd edib ki, Conson Ukraynaya yardımla bağlı “çətin vəziyyətdədir”, xüsusən də bəzi respublikaçı konqresmenlər spikerin vəzifəsindən uzaqlaşdırılması prosesinə başlayıblar. Bu isə Ukraynaya yardım məsələsinin gündəliyə çıxarılması perspektivi ilə əlaqəlidir.
“AzPolitika.info”
Follow @7timesaz