Aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluq binasını yerlə-yeksan etməsi və SEPAH-ın iki general və 5 yüksək rütbəli zabitini, o cümlədən diplomatlarını öldürməsinə cavab verməyə cəsarəti çatmayan İranın heç bir aidiyyəti olmadığı halda Azərbaycana qarşı absurd iddiaları davam edir.
7Times.az xəbər verir ki, az öncə iranlı deputat Kuçi (Cəlal Rəşidi) Bakıdakı İsrail səfirliyinin hədəf alınmasını “ən yaxşı variant” adlandırmışdı.
Bunun ardınca isə SEPAH-a məxsus Teleqram kanalı Azərbaycana qarşı növbəti avantürist paylaşım edib.
Azərbaycan Respublikasını yenə də aşağılayaraq, “Bakı Respublikası” adlandıran kanal yazıb:
“Göründüyü kimi, İranın Dəməşqdəki səfirliyinə hücum üçün İsrail ilə “Bakı Respublikası” arasında gizli koordinasiya olub.
Dəməşqin qisasını almaq üçün uzağa getməyə ehtiyac yoxdur, İsrailin dinləmə və casusluq bazaları bizim yanımızda, İran sərhədindən bir neçə kilometr aralıda, Zəngilanda yerləşir”.
İranda heç bir deputat, politoloq və xüsusilə rəsmi orqanların adından çıxış edən sosial media kanallarının müstəqil olmadığı artıq hər kəsə bəllidir. Bu baxımdan İran tərəfdən səslənən bu bəyanatlar İsraildən qorxan İranın aldığı inanılmaz zərbənin qisasını zəif bildiyi qonşularından çıxmaq istəməsi ehtimalını gündəmə gətirir.
İsrail F-35 qırıcısından və dəqiq idarəolunan raketdən istifadə edib. Əslində İsrailin İran və Kanada səfirliyinin düz ortasında yerləşən və həmin vaxt SEPAH zabitlərinin olduğu binanı yerlə-yeksan etməklə Tehrana sensasion mesaj verdi: ən dəqiq, metrinə qədər hesablanan zərbə vurmaq imkanına malikdir.
Konsulluq və yaxud səfirlik binası hər bir ölkənin ərazisi hesab edilir. Baxmayaraq ki, İsrail həmin binanın səfirliyə aid olmadığını və SEPAH-ın istifadə etdiyi obyekt olduğunu bildirir, əgər İran həmin binanın konsulluğunda israr edirsə, demək, İsrail faktiki olaraq İran ərazisinə zərbə endirib. İran ərazisinə endirilən zərbənin əvəzini Tehran adekvat verməyə cəsarət edəcəkmi? İsrailin hansısa hərbi infrasturkturuna cavab zərbəsi endirməyə gücü varmı?
Belə çıxır ki, nə o cəsarəti var, nə də o gücü!
İrana xatırlatmağa ehtiyac var ki, SEPAH generalının qisasını almaq istəyirsə, ÇAXAL generalları fərqli yerdə otururlar.
Digər tərəfdən, Ermənistanda AB missiyasının İran və Rusiyaya qarşı casusluq fəaliyyəti yerinə yetirdiyi haqda Rusiya FSB-si rəsmi açıqlama yayıb. Ermənistanda ABŞ-ın dünyadakı ən böyük səfirliyi – 2500 nəfərdən çox diplomatı yerləşir və çoxlarına aydındır ki, bunların heç də hamısı diplomat deyil.
Üçüncüsü, Ermənistan qeyri-regional oyunçuları öz ərazisində yerləşdirməyə davam edir.
Dördüncüsü, İranın konsulluq binası olduğu deyilən bina məhz Kanada səfirliyinin 10 metrliyindədir. Orda hansı tədbirin nə vaxt keçirildiyini Kanada səfirliyi bilmirmi? O məlumatı ən asan şəkildə İsrail Kanada səfirliyi vasitəsilə əldə edə bilməzdimi?
Üstəlik, Ermənistandakı “missiya”ya ABŞ və Kanada “mütəxəssisləri” də qoşulubsa, İran niyə Ermənistanı, Kanadanı deyil də, “şiə-müsəlman qardaşını” təhdid edir?
Çünki Ermənistanın arxasında Fransa və ABŞ dayanır!
Çünki İsrail güclüdür və arxasında ABŞ dayanır!
Çünki Azərbaycan xristian ölkəsi deyil, arxasında ABŞ dayanmır, müsəlman dövlətidir və müsəlman dünyasının içindəki qarayara olan İran yalnız islam dünyasını hədələməyə cəsarət edir. Çünki belədə ABŞ ona yerini göstərməyəcək və zatən Tehran Respublikasının mahiyyəti, yaradılma səbəbi də budur!
Ancaq səhv edir: Azərbaycanın arxasında NATO-nun ikinci ən güclü ordusu Türkiyə və dünyanın nüvə gücü Pakistan var! – hələ İran əhalisinin yarısını təşkil edən azərbaycanlıları demirik!
İran Azərbaycan Respublikasına nifrətini cilovlamağı bacarmasa və İsraildən aldığı zərbəni Azərbaycanın üstünə yıxmağa davam edərsə, tarixinin ən böyük səhvinə imza atmış olar!
Az deyil Azərbaycanın üstünə hürən çaqqallar, birinin də səsi Mazandarandan gəlir…
Follow @7timesaz