Dünya

Rusiya Ukraynanın şərqinə doğru irəliləyir – ABŞ yardımı gecikir…

Rusiya Ukraynanın şərqinə doğru irəliləyir – ABŞ yardımı gecikir…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qüvvələri fevral ayında Avdiyevka şəhərini ələ keçirdikdən sonra Ukraynanın şərqinə doğru irəliləyir.

 

7Times.az -ın məlumatına görə, hazırda Ukraynanın şərqində yerləşən Çasiv Yar şəhəri uğrunda qızğın döyüşlər gedir.

 

Ukrayna və Rusiya qüvvələri şəhər uğrunda mübarizəni şiddətləndirib. Rəsmi Moskva qoşunlarının şəhərətrafı ərazilərə çatdığını bildirsə də, Kiyev məlumatı təkzib edib.

 

Rusiyanın RİA xəbər agentliyi adı açıqlanmayan məmura istinadla bildirib ki, rus qoşunları şəhərətrafı ərazilərə daxil olub və Moskva bunu Kiyev qoşunları üçün mühüm döyüş nöqtəsi hesab edir. Ukraynanın şərq hərbi komandanlığının sözçüsü Andriy Zadubinnyi məlumatın həqiqətə uyğun olmadığını və döyüşlərin davam etdiyini bildirib.

 

O, vəziyyətin “gərgin” olduğunu vurğulayıb. Şəhərin meri Sergey Xaus da Çasiv Yarda vəziyyətin çətin olduğunu bildirib.

 

Ekspertlər deyir ki, ABŞ hərbi yardımının Konqres tərəfindən təsdiqlənməməsi Ukraynada ciddi sursat çatışmazlığı yaradıb. Rusiyanın Çasiv Yarda uğur qazanması Ukraynanı çətin vəziyyətə sala bilər.

 

Çasiv Yar Rusiya tərəfindən işğal olunmuş Baxmut şəhərindən qərbdə yerləşir. Müharibədən əvvəl 12.2 min əhalisi olan şəhər ətrafında güclü istehkamlar qurulub.

 

Rusiya Ukrayna ərazisinin təqribən 18%-nə nəzarət edir və son həftələrdə enerji infrastrukturuna zərbələri gücləndirib. Zərbələr geniş miqyaslı fasilələrə səbəb olub.

 

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı bildirib ki, Ukrayna öz mövqelərini sabitləşdirməyə nail olub. “Mərmi çatışmazlığı və tədarükün əhəmiyyətli dərəcədə yavaşlamasını nəzərə alsaq, bu nəticələr həqiqətən yaxşıdır”, – o vurğulayıb.

 

Zelenski deyib ki, Rusiya mayın sonunda və ya yayda yeni hücuma keçə bilər, lakin Kiyevin öz döyüş planı var.

 

Ukrayna müdafiəyə keçdiyi üçün Rusiyanın dərinliklərindəki hədəflərə hücum etmək məqsədilə yüzlərlə uzaqmənzilli dron hazırlayıb.

 

Ukrayna kəşfiyyatındakı mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, Ukraynanın təhlükəsizlik xidməti və hərbçiləri qonşu Rostov vilayətindəki Morozovsk hava bazasına hücum edərək 6 Rusiya döyüş təyyarəsini məhv ediblər. Mənbə hücumun necə həyata keçirildiyini açıqlamasa da, daha səkkiz döyüş təyyarəsinin də zədələndiyini bildirib.

 

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin bir gecədə əksəriyyəti Rostov vilayətində olmaqla 53 Ukrayna PUA-sının vurulduğunu bildirib.

Modern.az