Xəbər verdiyimiz kimi, “Lotu Quli”ni öldürən Xaqan Zeynalova ömürlük həbs cəzası verilib.
7Times.az xəbər verir ki, Bakırköy Prokurorluğunun Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən hazırlanan ittiham aktında qeyd edilib ki, 2018-ci ildə “Lənkəranski” ləqəbli Rövşən Canıyevin öldürüldüyü, ailəsinin bu cinayətdən “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovu günahlandırdığı, bu məqsədlə Rövşən Canıyevin qardaşı Namiq Caniyev liderliyində cinayətkar dəstə yaradıldığı bildirilib.
Həmin dəstəni də Camal Həsənov və Cəfər Əlizadə idarə edib.
İttiham aktında eyni zamanda vurğulanıb ki, təhlükəsizlik qüvvələri tərəfindən daha əvvəllər də cinayətkar dəstənin Nadir Səlifova və qardaşına qarşı çoxsaylı sui-qəsd cəhdlərinin qarşısı alınıb.
Vurğulanıb ki, Cəfər Əlizadənin aldığı göstəriş əsasında Nadir Səlifovun öldürülməsi Xaqan Zeynalova həvalə edilib və bu məqsədlə ona 4 milyon dollar veriləcəyi bildirilib:
“Nadir Səlifov çox yaxşı qorunduğundan daha əvvəllər X.Zeynalov onun yanına yerləşdirilib, keçən zaman ərzində N.Səlifovun etibarını qazanıb və rahat şəkildə onun yanına gedib-gələ bilib. Cinayəti də bu şəkildə törədib”.
Eyni zamanda vurğulanıb ki, Əmir Həmidli də mütəşəkkil cinayətkar dəstədə hər iki şəxsin (Camal Həsənov və Cəfər Əlizadə) tabeliyində fəaliyyət göstərib.
X.Zeynalov ifadəsində isə ittihamları rədd edib:
“Nadir Səlifov mənim yaxın dostum olub. Özü məni Türkiyəyə dəvət etdi. Oteldə qonağı idim. Onsuz da 19-da İstanbula gedəcəkdim. 17-də aramızda problem yarandı. Nadir Səlifov məndən Moskvada olan bir iş adamını qaçırmağımı istədi. Ancaq mən qəbul etmədim. Ona görə də mübahisə etdik. Məni yumruqladı. Həmin zalda 8 nəfər var idi, hamısı silahlı idi. Mübahisə edəndə mənə atəş açdılar, mən də özümü qorumaq üçün silahımı çıxarıb sola atəş açdım. Nadir isə sağ tərəfdə idi”.
X.Zeynalov vurğulayıb ki, Ə.Həmidli ilə hadisədən əvvəl oteldə qarşılaşmışdıq:
“Danışmışdıq ki, avqustun 19-da (Cinayət hadisəsi 20 avqust 2020-ci ildə baş verib) birlikdə İstanbula gedək. Hadisə zamanı oteldən qaçaraq Əmirin maşınına mindim. Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar almam barədə deyilənlər də böhtandır. Əldə etdiyim məlumata görə, Qulini qardaşı Müşfiq Səlifov öldürtdürüb. O, Qulinin düşmənləri ilə 10 milyon dollara razılaşıb. Nadir mənim yaxın dostum olub. Onu güllələyən mən deyiləm. Polislər məni təhdid etdi. Yanımda tərcüməçim yox idi, ona görə də ifadəni qəbul etməli oldum. Bir günlük azadlığımı 100 milyon dollara dəyişmərəm. Ki, mənim ailəm varlıdır. Mən günahsızam və azadlığımı tələb edirəm”.
Əmir Həmidli də ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O hadisədən əvvəl Əli Mövlamlı, Rəsul Həsənov və Xanımnisə Məmmədova ilə Türkiyəyə tətilə gəldiklərini açıqlayıb:
“Xanimnisə Məmmədova eskort qadındır. Bilmirdim ki, onun daha əvvəl Camal Həsənovla münasibəti olub. Türkiyədə birlikdə tətil üçün 500 dollara razılaşdıq. Əvvəl İstanbulda bir dostumun evində qaldıq. Sonra Antalyaya gəldik. Oteldə köhnə dostum Xaqanla qarşılaşdım. Ayın 20-də maşını təhvil verməli idim, Xaqan da bildirdi ki, ayın 19-da İstanbula gedəcək və biz birlikdə getməyə razılaşdıq. Bu arada mən Xanimnisə Məmmədova ilə mübahisə elədim və onun pulunu verib göndərdim. Hadisə günü mən Xaqanı götürməyə gəldim. O mənə dedi ki, Nadirlə dalaşmışam. Maşını tez sür, məni öldürəcəklər. Antalyadan çıxarkən yanacaqdoldurma məntəqəsində saxladıq. Yaralı idi, beli qanamışdı. “Xəstəxanaya gedək” dedim, qəbul etmədi. Polis bizi Dənizlidə yaxaladı”.
Follow @7timesaz