Polşa daha irimiqyaslı müharibədən narahatdır. Ona görə də hələ ki, onun ərazisinə keçən Rusiya raketlərini vurmur.
7Times.az xəbər verir ki, “The Wall Street Journal”a danışan Polşa Prezidenti Anjey Duda Moskvanın bu təxribatçı güc nümayişinin daha geniş müharibəyə səbəb ola biləcəyindən narahatdır.
O, qeyd edib ki, Rusiyanın 2022-ci ildən başlayaraq Ukraynaya atdığı bir neçə raket Polşanın hava məkanına keçib. Ən son insident martın 24-də, Ukraynanın qərbini hədəf alan Rusiya qanadlı raketinin Polşa hava məkanına 39 saniyə ərzində daxil olması zamanı baş verib.
“Biz şübhə etmirik ki, bunlar Rusiyanın təxribatlarıdır. Biz bu təxribatları gördük. Bizim hava məkanımız bir neçə dəfə Rusiya raketləri tərəfindən pozulub”, – Duda deyib.
NATO qüvvələri indiyədək Rusiya raketlərini ələ keçirmək üçün heç bir cəhd etməsə də, Duda bir gün onlardan birinin Polşa ərazisinə zərbə endirəcəyi, infrastrukturu məhv edəcəyi və ya insan tələfatına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.
Müsahibədə qeyd olunur ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiya raketlərinin azı üç dəfə Polşa sərhədini keçməsi qeydə alınıb: “Bu hallar Polşa və müttəfiq qüvvələrini gələcəkdə sərhədi keçən raketlərin qarşısını almağa cəhd edib-etməmək də daxil olmaqla, necə cavab verəcəyini düşünməyə vadar edir”.
Dudanın sözlərinə görə, Polşanın hava məkanı üzərində raketlərin vurulması dağıntılar səbəbindən insan tələfatına səbəb ola bilər. Üstəlik, NATO üzvləri də Ukrayna səmasında Rusiya raketlərini vurmağa ehtiyat edirlər, çünki bu, alyans üzvlərinin çəkindiyi münaqişəyə birbaşa müdaxilə olardı: “Ukraynalılar “bəli” deyirlər, amma NATO-dakı tərəfdaşlarımız “bunu NATO ərazisindən kənarda etməyin” deyir və bu, problemdir”.
“AzPolitika.info”
Follow @7timesaz