Məhbus həyatı yaşayan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hesab edir ki, onun Gürcüstanda olması ölkəsinin demokratiya mübarizəsinə əlavə güc qatır və bir çoxlarına qol-qanad verir.
7Times.az xəbər verir ki, bu barədə Mixail Saakaşvili “Dojd” kanalına yazılı müsahibəsində bildirib. Qeyd edək ki, Gürcüstanın eks-prezidenti 2021-ci il oktyabrın 1-dən həbsdədir.
Müsahibəni təqdim edirik.
– Aleksey Navalnı Rusiyaya qayıtdı, həbsxanaya düşdü və öldürüldü. Gürcüstana qayıtdınız və həbsxanaya düşdünüz. Hazırda həbsxana xəstəxanasındasınız. Həyatınız üçün qorxmursunuz?
– Aleksey Navalnının öz kamerasından mənimlə həmrəylik ifadə etməsi məni çox təsirləndirdi. Mənim üçün o, dünya tarixinin böyük qəhrəmanıdır. Putin Navalnını Saakaşvili adlandırırdı. Putin dəfələrlə məni öldürməklə hədələyib. Deyə bilərik ki, Putinin öldürməklə hədələdiyi yeganə şəxsəm. Amma hələ də sağam.
– Ukraynadakı müharibədə dalana dirənən, müxalifətin məhv edildiyi və ya qovulduğu bir vaxtda Putinə nə demək istərdiniz? O qalib gəlir?
– Putin öz qoşunları ilə Ukraynaya hücum edən kimi dərhal dedim ki, bu, onun sonudur. Xüsusilə də indi – Vaşinqtonda və Avropada verilən son qərarlardan sonra bu daha aydın görünür.
– “Xarici agentlər haqqında” qanun Gürcüstanda hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi?
– Gürcüstanda hakimiyyət dəyişikliyi istənilən halda baş verəcək, lakin bu qanun hakimiyyətin dəyişdirilməsi prosesini dərinləşdirəcək və sürətləndirəcək.
– Dəfələrlə demisiniz ki, İvanişvili Putin siyasətinin ardıcılıdır. Birbaşa bağlılığa dair sübutunuz varmı?
– Çoxlu sayda sübut var. İvanişvili hakimiyyətə gəldikdən sonra Gürcüstanın Rusiyanın “Birinci kanal”ı Qafqaz kanalı dərhal bağlanıb. Amma Rusiyanın “Sputnik”inin Gürcüstan filialının fəaliyyətinə imkan verilib. O, Amerika Texnologiya Universitetini və Gürcüstanda amerikalı müəllimlər proqramını bağladı. Moskvanın göstərişi ilə iki mühüm infrastruktur layihəsi – Lazika-Anaklia liması və Batumidəki “Royal Caribbean” terminalı ləğv edildi.
Rusiyaya casusluq ittihamı ilə saxlanılan şəxslər siyasi məhbus kimi azadlığa buraxıldı. 2008-ci il müharibəsinin gürcü iştirakçılarının siyahıları Rusiya xüsusi xidmət orqanlarına təhvil verildi. Ruslara qarşı xüsusi əməliyyatların bir çox iştirakçısı Gürcüstan ərazisində öldürüldü və əksərinə qarşı baş prokuror tərəfindən cinayət işi açılıb. Dövlət Departamentinə görə, həmin prokuror Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentidir.
Son illərdə Gürcüstan hökuməti kəskin anti-Ukrayna mövqeyi tutaraq ölkəni rus pullarının yuyulması məkanına çevrilib və ötən həftə bu istiqamətdə ayrıca qanun qəbul edilib.
– Oktyabrda keçiriləcək seçkilərlə bağlı proqnozlarınız necədir?
– Onların “Arzuları” sarsıdıcı hesabla məğlub olacaq. Baxmayaraq ki, onlar seçkiləri saxtalaşdırmağa çalışacaqlar.
– Prezident Zurabişvilidən əfv gözləyirsinizmi?
– Zurabişvili indi, bütövlükdə, konstruktiv rol oynayır. Onun görüşdüyü bütün həmkarları, o cümlədən onun mənşəcə aid olduğu ölkənin prezidenti Makron ondan mənim azad olunmağımı tələb edir. Bu tələb yüz minlərlə gürcünün imzası ilə möhkəmləndirilir. Onun bu hərəkəti etməyə cəsarəti çatacaqmı, bilmirəm. Axı, Ukrayna kəşfiyyatına görə, mən Putinin şəxsi məhbusuyam.
– Özünüzü Gürcüstan müxalifətinin lideri hesab edirsiniz?
– Mənim çoxlu sayda sadiq tərəfdarlarım var. İndiki mərhələdə müxalifətin birliyinin təmin olunmasında öz şəxsi rolumu görürəm.
– Özünüzü necə hiss edirsiniz?
– İki ildən artıqdır günəşi görmürəm, təmiz hava udmuram. Ağır metal zəhərlənməsinin izləri hələ də qalmaqdadır. Mən Vladimir Kara-Murza ilə yazışıram və əlamətlərimiz çox oxşardır. Mən işləməyə çalışıram. Gürcü və ukrayna dilində yayımlanan kanallara baxıram. Qanunlara zidd olaraq deputatları mənim yanıma buraxmırlar, mənə həm də qanunsuz olaraq istənilən telefon danışığı qadağan edilib.
– Partiyanızın reytinqi düşür. Niyə?
– Mən belə düşünmürəm. O əvvəlki kimidir. Amma nəzərə alsaq ki, partiyanın bir hissəsi ayrılıb, ayrıca partiya yaradıb və seçicilərin əksəriyyəti də onları “mənim layihəm” hesab edir (baxmayaraq ki, bu, belə deyil) – bu iki partiya “Arzu”ya asanlıqla qalib gəlir. Bütün sorğulara görə, “Arzu”nun rusiyapərəst təbliğatının uzun illər demonizasiyasına baxmayaraq, mənim şəxsi dəstəyim xeyli artıb.
– Gürcüstana qayıtdığınız üçün təəssüflənmirsiniz ki?
– Mən yalnız ona təəssüflənirəm ki, Ukraynaya daha fəal şəkildə kömək edə bilmirəm. Orada hələ də prezident Zelenskinin yanında İslahatlar üzrə Milli Şuranın sədriyəm. Digər tərəfdən, mənim Gürcüstanda olmağım ölkədəki insanları çox ruhlandırır.
Follow @7timesaz