Dünya

Makron narahatdır: Szinpinlə Vuçiç nə edir?

Makron narahatdır: Szinpinlə Vuçiç nə edir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin lideri Si Szinpinin Fransa səfərinə müxtəlif rəylər verilir. Bir qrup ekspert səfərin uğurlu keçdiyini və Fransa Prezidenti Emmanuel Makronun Si Szinpinə iki ölkə arasında münasibətlərə xələl gətirəcək fikirlər söyləmədiyini vurğulayıblar. Makron Szinpinlə münasibətlərini istiləşdirmək məqsədilə onu Fransanın kurort bölgəsində yerləşən dostunun restoranına şam yeməyinə dəvət edib.

7Times.az  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Çin liderinin Avropa səfəri haqda bildirib.

O vurğulayıb ki, səfərlə bağlı fərqli düşünən ekspertlər də var:

“Bu ekspertlər hesab edirlər ki, Si Szinpinin Fransaya səfəri Çinin AB ölkələri ilə iqtisadi əlaqələrindəki mövcud problemləri həll etməyəcək. Buna misal olaraq Çin liderinin Parisdə Makron və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə üçtərəfli görüşdə səslənən fikirləri misal çəkiblər. Paris və Brüssel hesab edirlər ki, Çin dövlət investisiyaları hesabına Avropaya ixrac etdiyi məhsulların qiymətini aşağı endirir ki, bu da qeyri-bərabər rəqabət yaradır. Leyen AB-nin mövcud vəziyyətdən narahatlığını açıq şəkildə Si Szinpinin diqqətinə çatdırıb”.

Ekspert qeyd edib ki, Çin lideri Fransadan sonra Serbiyaya keçib:

“Burada Çin liderinə möhtəşəm qarşılanma mərasimi keçirilib. Serbiya Prezidenti Aleksandr Vuçiç Çin liderini şəxsən hava limanında qarşılayıb. Serbiya və Macarıstan Avropa ölkələri içərisində Çinlə əməkdaşlığa daha çox önəm verən iki dövlətdir. Çin Serbiyada və Macarıstanda yeni istehsal sahələri yaratmaq istəyir. Belqradda Çinlə Serbiya arasında azad ticarət barədə razılaşma əldə edilib. Serbiyanın Çin investisiyalarına ehtiyacı var.

Serbiyanın Çinlə yaxınlığı Brüsselin narahatlığına səbəb olub. Çünki Serbiya AB üzvü olmaq istəyir. Brüsselin isə Çinlə dialoqu rəvan deyil, bir-birlərini tənqid edirlər. Serbiya AB üzvü olarsa, Brüsselin qərarlarına riayət etmək məcburiyyətində qalacaq. Misal üçün Çin Serbiyada ucuz elektromobillər istehsal etmək istəyir. Brüssel bunun əleyhinədir, AB bazarının qorunması vacibliyi qənaətindədir”.

Axar.az