Rusiya Ukrayna ordusunun bu gün Kursk bölgəsinə daxil olduğunu və bölgədə gərgin döyüşlər getdiyini bildirib.
7Times.az xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Ukrayna tərəfi hücumla bağlı heç bir açıqlama verməyib.
Rusiya “Kursk vilayətinin Rusiya-Ukrayna sərhədinə birbaşa bitişik ərazilərində” Ukrayna bölmələri ilə döyüşlərin davam etdiyini açıqlayıb. Moskva Kurska hava və raket zərbələri endirdiyini iddia edib və Ukraynanın Rusiya Federasiyası ərazisinə dərindən irəliləməsinin qarşısının alındığını vurğulayıb.
“Artıq ərazidə yeddi tank, səkkiz zirehli transportyor, üç piyada döyüş maşını və 31 zirehli döyüş maşını da daxil olmaqla 50 zirehli texnika məhv edilib”, – Rusiya tərəfinin məlumatında deyilir.
Qeyd edək ki, döyüşlərin Kursk vilayətində yerləşən Sudja yaşayış məntəqəsində getdiyi bildirilir. Bu şəhər Rusiya qazının Ukrayna üzərindən Avropaya ixracı üçün son əməliyyat daşıma məntəqəsidir. Burada cəmi 60 km aralıda Rusiyanın Kursk atom elektrik stansiyası yerləşir.
Rusiyalı hərbi bloqçular Ukraynanın yeni cəbhə açdığını iddia edib və gərgin döyüşlər olduğunu bildiriblər. Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov gecə ərzində raket və dron hücumlarının olduğunu bildirib və mülki şəxslərə pəncərələrdən uzaq durmağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin tezliklə Təhlükəsizlik Şurasını toplayacağı və Kurksdakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. O, hökumət üzvləri ilə görüşdə Kiyevin hərbi təxribatlara əl atdığını bildirib.
Follow @7timesaz