Dünya

İrəvan da Moskvanı “sabotajda” ittiham edir Ermənistan XİN-dən Lavrova cavab

İrəvan da Moskvanı “sabotajda” ittiham edir – Ermənistan XİN-dən Lavrova cavabbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin ittihamlarına cavab verən rəsmi İrəvan Moskvanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində konstruktiv iştirakını şübhə altına alıb.

7Times.az  erməni mediasına istinadla xəbər verir ki, bununla da İrəvanPrezident Putinin iki gün əvvəl Bakıda sülh prosesində tərəflərə dəstək vermək təklifindən imtina edib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan yenə həyasızacasına İrəvanın 2020-ci il noyabrın 9-da imzalanmış Üçtərəfli Bəyannamədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən uzun müddət qaçdığını, Zəngəzur dəhlizini açmaqdan imtina etdiyini “unudub”. Hətta məsuliyyəti Moskvanın üzərinə atmağa cəhd edib.

“Noyabrın 9-da bəyanatı imzalayan və onun əsasında regiona sülhməramlı qüvvələr yerləşdirən dövlətin xarici işlər naziri görməməzlikdən gələ bilməz ki, həmin bəyanatda Rusiyanın imzasına baxmayaraq, pozulmamış bir dənə də olsun əsas məqam yoxdur. Bu, Rusiyanın nəzərdə tutduğu proseslərdə iştirakı və məsuliyyətini şübhə altına alır” – deyə, Badalyan bildirib.

Xatırladaq ki, Sergey Lavrov Bakıda bəyan edib ki, Ermənistan hökuməti infrastrukturun blokunun açılması məsələsində əldə edilmiş razılaşmaları sabotaj edir.

“Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyalara gəlincə, təəssüf ki, Baş nazir Nikol Paşinyanın imzaladığı sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin mənasını anlamaq çətindir”, – Lavrov Rusiyanın “Birinci kanal” telekanalına müsahibəsində deyib.

Ermənistan Xarici İşlər Nazirliyi isə iddia edib ki, açıq sənədlərdən başqa, Ermənistan heç bir başqa sazişin bir hissəsi deyil, ona görə də onları sabotaj edə bilməz.

Moskva bəyan edir ki, yolun açılması məsələsi 2020-2022-ci illər üçün üçtərəfli bəyannamələrə uyğun olaraq həll edilməlidir. Bunu Bakıda ilk olaraq Rusiya prezidenti Putin, daha sonra isə xarici işlər naziri Lavrov vurğulayıb.

“Biz bir daha təsdiq edirik ki, “Sülh yollarının kəsişməsi” layihəsi çərçivəsində regional kommunikasiyaların açılması sözün əsl mənasında hər an mümkündür. “Sülh yollarının kəsişməsi” layihəsi bir sıra beynəlxalq tərəfdaşlar tərəfindən müsbət cavab aldı və biz Rusiya Xarici İşlər Nazirliyinin tərəfdaşlarını qərəzli bəyanatlarla onu və ya Cənubi Qafqazda sülhün əldə edilməsi səylərini sabotaj etməməyə çağırırıq” – XİN-in sözçüsü Ani Badalyan bugünkü bəyanatında bildirib

Davam edən bu fikir ayrılıqları fonunda təxminən iki həftə əvvəl Azərbaycanın yüksək rütbəli rəsmisi tərəfindən ermənilərə məlumat verilib ki, tərəflər kommunikasiyaların açılması məsələsini sülh müqaviləsi sənədindən çıxarmaq barədə qarşılıqlı razılığa gəliblər.

Politoloq Tiqran Qriqoryan hesab edir ki, Moskvadan nə elan etsələr də, ən azı indiki mərhələdə məsələ arxa plana keçib: “Ermənistan çətin ki, yaxın vaxtlarda Azərbaycana sadələşdirilmiş rejim təqdim etsin, Azərbaycan isə çətin ki, digər ərazilərdə blokadanın ləğvinə razı olsun. Düşünürəm ki, burada Ermənistan-Türkiyə sərhədinin açılması da risk altında olacaq”.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhin Bayramovun Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Putinin səsləndirdiyi təkliflərə belə cavab vermişdi: “Rusiyanın danışıqlar platforması Bakı üçün məqbuldur. Biz buna açığıq. Biz Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli formatdan istifadə edirik. Biz fərqli platformalardan heç vaxt imtina etməmişik. Rusiya Federasiyasının platforması bizim üçün həmişə məqbul olub və təbii ki, bundan sonra biz bu platformadan da istifadə etməyə hazırıq”.

C.Bayramov İrəvanın bu yaxınlarda həmin platforma ilə razılaşmadığını xatırladıb.

“AzPolitika”