Noyabrın 30-da Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
7times.az xəbər verir ki, iclasda BDU rektoru Elçin Babayev da iştirak edib. Cari məsələlər sırasında Bakı Dövlət Universitetindən xaric edilmiş Məhəmmədov Pərviz Əlipənah oğlunun müraciətini nəzərə alaraq BDU rektorunun müvafiq əmri ilə yaradılmış Komissiyanın qərarı da müzakirə edilib.
Bildirilib ki, 23 noyabrda Pərviz onlayn dərs prosesini nümayişkəranə şəkildə pozub, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər etdirib. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Məhəmmədov Pərviz Əlipənah oğlu Universitet tələbələri sırasından xaric olunub.
Bir müddət sonra Məhəmmədov Pərviz Əlipənah oğlu ərizə ilə BDU rektoruna müraciət edərək, etdiyi səhvlərdən peşman olduğunu bildirib və bağışlanmasını xahiş edib:
“Komissiya məsələni yenidən araşdırıb, tələbənin Azərbaycan Bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitininin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq Məhəmmədov Pərviz Əlipənah oğlunun Universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış edib”.
Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb.
Follow @7timesaz