Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Memarın Emosional İntellekti” layihəsinin bağlanış mərasimi baş tutdu. Tədbirdə layihə rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, doktorant Elbəy Əliyev layihə iştirakçıları olan gənc memarlarla səmimi müzakirə mühiti yaradaraq layihə müddətində onların əldə etdiyi bilik və bacarıqlar haqqında geniş söhbətlər təşkil etdi. Tədbirin başlanğıcında “Cığır” MDİD İB-nin təsisçisi, pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Yeganə Mirzəyeva çıxış edərək, gənclərə emosional fərqindəlik yolunda uğurlar arzuladı və onlara davamlı özünü kəşf yolunda ilham verdi.
Gənc memarlar daha sonra layihə ilə bağlı təəssüratlarını paylaşaraq memarlığa daha dərin və emosional baxışla yanaşdıqlarını vurğuladılar. Layihə iştirakçıları, həmçinin layihənin davam etdirilməsinin önəmini qeyd edərək, bu cür təşəbbüslərin artırılmasında fəal iştirak edəcəklərini ifadə etdilər. Tədbirin sonunda iştirakçılar layihə müddətində duyğu və düşüncələrinin harmoniyasında yaradıcılıq prosesini yenidən kəşf etdiklərini, yeniliyə, axtarışa və inkişafa göstərdikləri maraqla yanaşı, empatiya, məsuliyyət və gözəllik kimi ali mənəvi dəyərləri mənimsəmək yolunda etdikləri səylər üçün sertifikatlarla təltif olundular.
Layihənin həyata keçirilməsində göstərdiyi dəstək üçün Azərbaycan Respublikası Gənclər Fonduna, təşkilati məsələlərdə verdiyi yardım üçün “Cığır” MDİD İB-yə və xüsusilə birliyin təsisçisi Yeganə Mirzəyevaya dərin təşəkkürümüzü bildiririk. Bu layihənin ərsəyə gəlməsi, gənc memarların emosional və peşəkar inkişafına töhfə verərək gələcək nəsil memarların insan və memarlıq münasibətlərinə daha həssas yanaşmalarını təmin etmək məqsədini daşıyır.
Follow @7timesaz