Müharibə başlayandan bəri həlak olan ukraynalı hərbçilərin sayı 80 min nəfərdən xeyli azdır.
7Times.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində deyib.
Zelenski qeyd edib ki, Qərb mətbuatında Ukraynanın hərbi itkiləri barədə yazılanlar həqiqəti əks etdirmir: “Bu yaxınlarda kimsə Amerika mətbuatında 80 min ukraynalının həlak olduğunu bildirdi. Mən sizə demək istəyirəm ki, yox, azdır. Xeyli azdır”.
Zelenski Ukrayna ordusunun nə qədər itki verdiyini dəqiqləşdirməkdən imtina edib. Son iki ayda müxtəlif Qərb nəşrləri Ukraynanın itkilərini 57-100 min nəfər arasında qiymətləndiriblər.
Bu müharibədə hər iki tərəf öz itkilərini açıqlamır. Ukrayna müharibənin lap əvvəlində bəyan etmişdi ki, itkilərin sayını yalnız müharibə başa çatdıqdan sonra açıqlayacaq. Eyni zamanda, bu ilin fevralında Zelenski demişdi ki, Ukrayna Müdafiə Qüvvələrinin həmin vaxta itkiləri 31 min nəfər təşkil edib.
Bununla yanaşı, Zelenski müsahibəsində Rusiyanın işğal etdiyi ərazilərdə nə qədər ukraynalının öldüyünü bilmədiyini vurğulayıb: “İşğal zamanı mülki şəxslər, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və s. Onların neçəsi öldü, neçəsi məhv edildi, neçəsi əsirlikdə işgəncələrə məruz qaldı… Bilmirəm. Ona görə də mən ancaq bizim ərazimizdə və nəzarətimizdə olan hərbçilərdən danışıram”.
“AzPolitika.info”
Follow @7timesaz