Dünya

Zelenski NATO sammitində iştirak etmək üçün Haaqadadır – Trampla görüş gözlənilir

Zelenski NATO sammitində iştirak etmək üçün Haaqadadır – Trampla görüş gözlənilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Haaqa şəhərində keçirilən NATO sammitində iştirak edir. Sammit çərçivəsində onun ABŞ Prezidenti Donald Trampla görüşü gözlənilir.

Zelenskinin Haaqa səfəri çərçivəsində keçiriləcək görüş barədə məlumatı ilk olaraq Ukrayna Prezident Aparatındakı mənbə “France Presse” agentliyinə verib. Mənbənin sözlərinə görə, iki ölkənin nümayəndə heyətləri hazırda görüşün detalları üzərində çalışırlar.

ABŞ Prezidenti Donald Tramp da Haaqaya yola düşərkən jurnalistlərə verdiyi açıqlamada Zelenski ilə görüş ehtimalını təsdiqləyib: “Çox güman ki, Zelenski ilə görüşəcəyik,” – deyə Tramp bildirib.

Volodimir Zelenski isə “Sky News”-a verdiyi son müsahibəsində bu görüşə ümid etdiyini dilə gətirib: “Mən bu görüşü planlaşdırıram, amma necə olacağını açıq deməliyəm ki, bilmirəm. Komandamız bunun üzərində işləyir”.

Mənbələrin bildirdiyinə görə, mümkün görüşdə əsas müzakirə mövzusu Ukraynanın ABŞ-dən hava hücumundan müdafiə (HHM) sistemləri də daxil olmaqla, müasir silahlar alması ola bilər. Qeyd edək ki, Tramp administrasiyası indiyədək Ukraynaya hərbi yardımın ödənişsiz təqdim olunacağını bəyan etməsə də, silah satışını istisna etməyib.

Xatırladaq ki, daha əvvəl, Kanadada keçirilən “Yeddilər Qrupu” sammiti ərəfəsində də Zelenski və Tramp arasında görüş olacağı bildirilmişdi. Lakin həmin vaxt görüş baş tutmamışdı, Tramp sammiti Zelenskidən əvvəl tərk etmişdi.

“AzPolitika.info”