Ölkə

Əbu-Dabi görüşü mühüm siyasi hadisə kimi qiymətləndirilir

Əbu-Dabi görüşü mühüm siyasi hadisə kimi qiymətləndirilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2025-ci il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, eləcə də qarşılıqlı əməkdaşlıq istiqamətində mühüm siyasi hadisə kimi qiymətləndirilir”.

7Times.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Süleymanlı bildirib

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illərdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən, qarşılıqlı hörmətə və ərazi bütövlüyünün tanınmasına əsaslanan ədalətli sülh təşəbbüsləri irəli sürür. Məhz bu prinsipial və ardıcıl mövqe, eləcə də çevik diplomatik fəaliyyət danışıqlar prosesinin daha sağlam və nəticəyönlü müstəviyə keçməsinə zəmin yaratmışdır. Əbu-Dabi görüşü isə bu prosesin yeni və daha konstruktiv mərhələyə qədəm qoyduğunu təsdiqləyən mühüm siyasi platformaya çevrildi.

Görüşün neytral məkanda — beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən biri sayılan Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi tərəflər arasında birbaşa və səmimi dialoqun təşviq olunması baxımından xüsusi əhəmiyyət daşıyır. BƏƏ-nin bu görüşə ev sahibliyi etməsi, regionda sülhə töhfə vermək niyyətini ifadə etməklə yanaşı, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və strateji diplomatik çevikliyinin bariz göstəricisidir.

5 saat davam edən tarixi görüşün ən mühüm nəticələrindən biri danışıqların vasitəçi olmadan, birbaşa ikitərəfli formatda davam etdirilməsi barədə razılaşmanın əldə olunmasıdır. Həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və humanitar məsələlərin həlli ilə bağlı aparılan müzakirələr də xüsusi əhəmiyyət daşıyır.

 

Mahir Süleymanlı vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasi liderliyi, milli maraqların müdafiəsində nümayiş etdirdiyi qətiyyət sülh prosesinin irəliləməsində həlledici rol oynamaqda davam edir.

Nəticə etibarilə, 2025-ci il iyulun 10-da keçirilmiş Əbu-Dabi görüşü yeni geosiyasi reallıqların yarandığı bir dövrdə Azərbaycan diplomatiyasının prinsipial mövqeyinin və ardıcıl sülh təşəbbüslərinin növbəti təntənəsi kimi tarixə düşdü. Bu formatın uğurla davam etməsi üçün beynəlxalq ictimaiyyətin obyektiv və məsuliyyətli mövqe tutması, həmçinin region ölkələrinin bu prosesə dəstək göstərməsi xüsusi əhəmiyyət kəsb edir.