Dünya

“Qarabağ hərəkatının davamı Ermənistanın müstəqilliyini məhv edərdi” – Paşinyan

“Qarabağ hərəkatının davamı Ermənistanın müstəqilliyini məhv edərdi” – Paşinyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan 1990-cı il avqustun 23-də qəbul olunmuş Müstəqillik Bəyannaməsinin ildönümü ilə bağlı xalqa müraciət edib.

Paşinyan bildirib ki, sənəd dövlətçiliyin əsasını qoysa da, onun ideoloji dayaqları Sovet İttifaqının formalaşdırdığı konflikt yönümlü “kollektiv vətənpərvərlik” modelinə əsaslanıb:
“SSRİ onilliklər boyu ədəbiyyat, filmlər, teatr vasitəsilə bizə həmin modeli aşılayıb. Nəticədə Qarabağ hərəkatı yarandı. Amma bu model müstəqil Ermənistanı mümkünsüz edirdi. Çünki başlanğıcdan konflikt üzərində qurulan ölkə həqiqi müstəqillik qura bilməzdi”.

Baş nazir qeyd edib ki, reallıqları analiz etdikdən sonra belə qənaətə gəlib: “Qarabağ hərəkatını davam etdirmək Ermənistanın müstəqilliyinin ləğvi demək olardı”.

Paşinyan həmçinin vurğulayıb ki, 2020-ci ilə qədər güzəştə getməmələrinin səbəbi dövlətçiliyin və müstəqilliyin daha böyük təhlükə altına düşməməsi ilə bağlı idi. Onun sözlərinə görə, seçdikləri yol Ermənistanın müstəqilliyini qorumaq və möhkəmləndirmək olub.

Baş nazir əlavə edib ki, bu yanaşma “Real Ermənistan” ideologiyasında öz əksini tapıb: Azərbaycanla sülh prosesi, Türkiyə ilə dialoq, Gürcüstan və İranla münasibətlərin dərinləşməsi məhz bu strategiyanın nəticəsidir.

Onun sözlərinə görə, Ermənistan bu gün “daha müstəqil, suveren və firavan” olub:“Müharibə başa çatıb və sülh gündəlik diqqətimizin mərkəzində olmalıdır. Avqust 2025 Ermənistanın dinc və firavan həyatının başlanğıcı oldu”.


“AzPolitika.info”