Ölkə

​30 şagirdli məktəbdən 30 minlik sektora: Sehrli yüksəlişin sirri

​30 şagirdli məktəbdən 30 minlik sektora: Sehrli yüksəlişin sirribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uğurun” sirri

​Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektoru son illər sanki bir futbol komandasının ehtiyat oyunçular skamyasını xatırladır. Bu sektora gələn-gedən, girən-çıxan müdirlərin aqibətini deyəsən Ələddinin sehrli lampasından çıxan cin qərar verir.

​Ey lampanın cini, sənə əmr edirəm, məni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sektor müdiri vəzifəsi üçün müəyyən etdiyi kriteriyaları və prosedurları görməzdən gələrək sektor müdiri et.
​Bağla bunu görən gözləri, lal et buna dinən dilləri…

​Qısa müddətdə 30 şagirdi olan kiçik bir kənd məktəbindən 30 min şagird və 3 mindən çox pedaqoji kontingentin olduğu böyük sektor müdirliyinə gedən sehrli “uğur” yolu…

​Hələ bu müddətdə heç bir təhsil uğuru və muvəffəqiyyəti olmayan birinin bu “uğur” yolunu ya uğur mələkləri, ya da elə Ələddinin lampasındakı cin açmış olsun gərək.

​Söhbət Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektoruna bu ilin iyul ayında müdir təyin edilən Mövsüm Həmdullayevdən gedir. O, bundan əvvəl Şabran rayonunun E. Mütəllimov adına Ağalıq kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışıb. Lap ondan əvvəl isə cəmi 30 şagirdi olan Şabran rayonunun Hacıqaraqaşlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb. Gözlə qaş arasında uğursuz və muvəffəqiyyətsiz sürətlə ulduzu parıldayan Mövsüm Həmdullayevin regionun ən böyük təhsil sektoruna müdir təyin edilməsi həm təhsil camiəsi, həm də ictimaiyyət arasında böyük təəccüb doğurdu.

​Onun bu sıçrayışını yoxdan var kimi təmin edən əsas gücün və hikmətin isə Azərbaycan Respublikası Energetika Nazirliyinin şöbə müdiri olan Anar Mürsəliyev adlı yüksək vəzifəli şəxsin olduğu iddia edilir. Nazirliyin həmin məsul şəxsi ilə yaxın qohumluq əlaqəsinin olması Mövsüm Həmdullayevin təhsildəki əsas yüksəliş “uğuru”nun səbəbi-hikməti olduğu bildirilir. Məhz sözügedən Anar Mürsəliyevin Elm və Təhsil Nazirliyinin məsul vəzifəli şəxsləri ilə olan dostluq və işgüzarlıq əlaqələri (Bu haqda növbəti yazıda daha təfərrüatlı bəhs ediləcək) Mövsüm Həmdullayevi qısa müddətdə bir dəstə şagirdi olan kiçik bir kənd məktəbindən böyük kontingenti olan Xaçmaz sektoruna qədər ucaldıb.

​Xəyal kimi, yuxu kimi və nağıl kimi…

​Heç bir idarəetmə və inzibatçılıq təcrübəsi olmayan, direktor kimi çalışdığı müddətdə heç bir uğura imza atmayan, sayılıb-seçilməyən Mövsüm Həmdullayevin 200 minə yaxın əhalisi, 30 mindən çox şagird kontingenti olan bir təhsil sektoruna rəhbər təyin edilməsinin hansı nəticələrə gətirib çıxaracağını isə yəqin ki, elə Ələddinin lampasındakı cin bilir.