Ermənistanda itkin düşən əsgərlərin valideynləri mütəmadi olaraq övladlarını qaytarmağı vəd edən dələduzlar tərəfindən fırıldaqçılığa məruz qalır. Bu dəfə isə atasına oğlunu qaytaracağını vəd edərək 15 min dollar tələb edən fırıldaqçı Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
7times.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat mərkəzi məlumat yayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, V.G. adlı şəxs əsgər G.A.-nın Qarabağdakı döyüş əməliyyatları zamanı itkin düşdüyünü öyrənərək, 2021-ci ilin yanvarında əsgərin atası A.A. ilə əlaqə saxlayıb və ona guya xarici ölkələrdə əlaqələrinin olduğunu və oğlunun harada olduğunu bildiyini deyib.
Dələduz çağırışçı əsgərin üçüncü ölkə vasitəsilə vətəninə qayıtmasını təşkil etmək üçün 30 min dollara ehtiyac olduğunu bildirib. Cinayətkar bu məbləğin yarısının “Ağ Xaç” təşkilatı tərəfindən qarşılanacağını, qalan yarısının isə itkin düşən əsgərin atası tərəfindən ödənilməli olduğunu bildirib. İzləri itirmək üçün V.G. sözügedən məbləğin köçürülməsini borca vəsait verilməsi kimi rəsmiləşdirməyi təklif edib.
Fevralın 24-ü zərərçəkəndən 15 min dollar alan V.G. cinayət yerindəcə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başladılıb.
Qeyd edək ki, bu Ermənistanda itkin düşən əsgərlərin valideynlərinin məruz qaldığı ilk dələduzluq faktı deyil. qafqazinfo
Follow @7timesaz