Çoxlu fanatları olan məşhurlarımız bəs özləri kimlərin fanatıdır?
7times.az saytı məşhurlara aşağıdakı sualları ünvanlayıb, maraqlı cavablar aldı.
- Fanatı olduğunuz məşhurlar kimlərdir?
- Özünüzə ideal olaraq hansı məşhurları görürsünüz?
Aparıcı və aktrisa Aysel Nazim:
“Mən uşaqlıqdan Robin Rayt, Şeron Stoun, Şarliz Teron və Nikol Kidmana pərəstiş etmişəm. Uşaq vaxtı böyüyəndə onlara bənzəməyi, zaman-zaman onlar kimi olmağı xəyal edirdim. Hətta hər kəs düşünür ki, Monika Belluççi gözəldir, amma məncə, o dərəcədə gözəl deyil. Mənim zövqüm hər zaman sarışınlardan yana olub. Onlar mənə daha gözəl və cəlbedici gəlib.
Özümə ideal olaraq gördüyüm konkret bir məşhur yoxdur. Amma karyeramda adını çəkdiyim aktrisalar kimi uğurlu və hər dönəmdə ən sevilən olmaq istəyirəm”.
Rəqqasə və aktrisa Oksana Rəsulova:
“Hindistan aktrisası Madhuri Dikşit, aktyorlardan isə Şahrux Xan və Salman Xanın fanatıyam. Tükiyədən isə çox bəyəndiyim və fanatı olduğum məşhur Tarkandır. Türklərdən bəyəndiyim aktyor və aktrisalar da var, lakin onların dəlicəsinə fanatı deyiləm.
İkinci suala cavab olaraq isə deyirəm ki, mənim hər zaman həm qadın idealım, həm də gözəllikdə idealım Hindistan aktrisası Madhuri Dikşitdir. Onu həm aktrisa kimi, həm də insan kimi hədsiz dərəcədə çox sevirəm. Məhz Madhuri Dikşit filmlərdəki rəqsləri ilə məni hind rəqsi oynamağa valeh edib”.
Müğənni Rahidə Baxışova:
“Mən Brilyant Dadaşovanın, Sibel Canın və Hakan Altunun fanatı olmuşam. Hətta indi də, onları dinləyirəm. Əlbəttə, bu siyahıya başqalarını da əlavə etmək olar.
Özümə ideal olaraq gördüyüm məşhurlar var, amma hansılarının adlarını xüsusilə qeyd edəcəyimi bilmirəm”.
Prodüser Təranə Səmədova:
“Mən ümumiyyətlə fanat anlayışı və fanatizmi xəstəliyin bir növü olaraq hesab edirəm. Məncə, bu psixoloji zəiflik əlamətidir. İnsan kiminsə hansısa üstünlüklərini bəyənib, ona pərəstiş hissi ilə yanaşa bilər. Yəni, həmin üstünlükləri özü üçün seçə bilər. Elə tanınmışlarımız isə hədsiz dərəcədə çoxdur. Məsələn, mən Faiq Ağayevin nitq qabilliyətini çox sevirəm. Onun nitq qabilliyətinə yaxınlaşacaq qədər söz bazamın olmasını istəyərəm. Həmçinin Tünzalə Ağayevanın, Nazpəri Dostəliyevanın və Damlanın da nitq qabilliyətlərini bəyənirəm. Mahnılarını sevdiyim, ürəklə dinləyib, zövq aldığım müğənnilər Röya, Teymur Əmrah və Elton Hüseynəliyevdir. Yəni hər kəsdə, bir şeyi bəyənirəm.
İkinci suala gəldikdə isə düşünürəm ki, həyatda və bəşəriyyətdə ən şüurlu varlıq insan olsa belə, idealı olmur. Hər kəsin hardasa bir qüsuru var deyə, həyatda heç kimi ideallaşdırmamışam. Mənim üçün ideal olan sadəcə Allahdır. İdeal dərəcədə sevə biləcəyim insanlar anam və övladımdır. Lakin hansısa bir məşhuru, tanınmışı özümə ideal olaraq görməmişəm”.
Elmir Kərimli
Follow @7timesaz