Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini, 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran rayon Prokurorluğundan 7times.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla hadisəni zərərçəkmişin qardaşı, 1990-cı il təvəllüdlü Elşən Abdulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Leyla Müseyibovanı qəsdən suya atması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. APA
Follow @7timesaz