2020-ci il iyulun 5-də “Rəmzi-S” MMC-yə məxsus “Sobsan” boya fabrikindəki baş vermiş güclü yanğınla bağlı cinayət işi başlanılması tələbi haqda məhkəmə prosesi start götürür.
7times.az xəbər verir ki, yanğın zamanı fabrikin qonşuluğundakı fərdi yaşayış evinin və içindəki əşyaların yanmasına görə vətəndaş Məhyəddin Alməmmədov məhkəməyə müraciət edib.
Mərkəzi Bankın eksperti tərəfindən hazırlanmış rəyə əsasən, yanğın nəticəsində M.Alməmmədova daşınar əmlak üzrə 67 747 manat, daşınmaz əmlak üzrə 29 950 manat, ümumilikdə 97 697 manat məbləğində zərər dəyib.
Faktla bağlı iyulun 7-də Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, dekabrın 4-də isə cinayət işi üzrə icraata xitam verilib.
M.Alməmmədov iddia ərizəsində qeyd edib ki, yanğın nəticəsində onun sağlamlığına da zərər dəyib: “Bununla bağlı tibbi sənədlər də var. Qanuna əsasən cinayət prosesi gedişində bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri – tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilə bilər. Lakin istintaq yanğın hadisəsi nəticəsində mənim sağlamlığıma dəymiş zərər üzrə heç bir prosessual hərəkət etməyib. Əvəzində yaranmış bu cür ağır nəticələri gizlədib”.
Zərərçəkmiş şəxs məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunmasını və hadisə ilə bağlı yenidən cinayət işi başlanılmasını xahiş edib. M.Alməmmədovun iddiası məhkəmə icraatına götürülüb. İşə mayın 18-də Nərimanov rayon məhkəməsinin hakimi Tural Ələkbərovun sədrliyi ilə baxılacaq.
Follow @7timesaz