Maqazin

Polis Xalq artistinə niyə 50 manat verib? – Maraqlı açıqlama

Polis Xalq artistinə niyə 50 manat verib? – Maraqlı açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan polisinin yaranmasından 103 il ötür. Hər il 2 iyul Azərbaycan Polisi Günü kimi qeyd edilir. 

7times.az xəbər verir ki, Xalq artisti Gülyanaq Məmmədova polislərimizi təbrik edib və onlarla bağlı maraqlı tarixçəni danışıb:

“Azərbaycan polisini təbrik edirəm. Onları yetişdirən müəllimlərin, əməkdaşların hər birinin peşə bayramı mübarək olsun. Polis bizim qoruyucumuzdur.

Uşaqlıqda polis görəndə nədənsə, həmişə qorxu hissi yaşamışıq. Elə bilirdik ki, pis bir iş görsək, bizi tutub aparacaqlar. Ancaq böyüdükcə anladıq ki, cəmiyyətdə polis olmasa, nələr baş verə bilər. Biz sənətçilər polislərlə daha çox yol hərəkəti qaydalarını pozanda qarşılaşırıq. Mən onlardan həmişə hörmət, qayğı, diqqət görmüşəm. Məni yolda hansısa bir səbəbə görə saxlayanda deyirlər, “buyurun Gülyanaq xanım, sizə hörmətimiz çoxdur, amma qaydalar budur. Söz götürməkdənsə, utanmaqdansa, qaydalara riayət etməyə çalışıram. Polislər bizə hörmətlə yanaşdıqları kimi, biz də onların işinə, qanunlara hörmətlə yanaşmağa çalışırıq. Elə DİN işçiləri də olub ki, məni tanısalar da, güzəştə getməyiblər.

Polislə ən maraqlı hadisəni isə bacım, müğənni Gülyaz Məmmədova Vətən Müharibəsi dövründə yaşamışdı. Gülyaz səsyazma üçün studiyaya gedəndə yolu səhv salıb. Polis onu saxlayıb, deyib, hara gedirsiniz? Səhv dönmüsünüz. Gülyaz da ona cavabında studiyaya getdiyini və tələsdiyi üçün səhv döndüyünü bildirib. Ardınca da əlavə edib ki, əsgərlərimiz üçün mahnı yazdıracaq.

Polis bu sözü eşidən kimi Gülyazın maşınına 50 manat pul qoyaraq deyib: icazə verin, studiyanın bir saatlıq xərcini mən ödəyim. Qoy bizim də əsgərlərimizə kiçik bir payımız olsun. Bacım nə qədər etiraz etsə də, həmin adam pulu geri götürməyib. Polisin belə rəftarı bizi çox kövrəltmişdi. Vətən Müharibəsində onlar da ürəklə xidmət edirdi. Mən bu günə kimi onlarla ciddi problem yaşamamışam. Qaydaları bilməyərəkdən pozanda məni cərimələyiblər. Bu da haqlı bir məsələ olduğu üçün qəbul etmişəm”./Azvision.az