Türkiyədə güclü meşə yanğınları hələ də davam edir. Yanğınlar ilk olaraq iyulun 28-i Antalyada başlasa da, daha sonradan 7 ayrı əyalətə keçib.
7Times.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanğınların miqyası onun qəsdən törədilməsi ehtimalını günü-gündən artırır.
Belə ki, bu yanğın bir-birindən əlaqəsiz əyalətdə baş verir və yay aylarında isti havanın təsirindən baş verən yanğına bənzəmir.
Keçmişdə özlərini “Atəşin övladları” adlandıran terrorçular Qaradəniz, İç Anadolu və Ağdəniz bölgəsində yanğınlar törətmişdi. İndi də bir-birindən kilometrlərlə uzaqda baş verən yanğınların yenidən bu terrorçular tərəfindən törədilməsi ilə bağlı şübhələr artıb.
Bütün bu müzakirələr davam edərkən, “Oda TV”nin yaydığı məlumata görə, PKK terror təşkilatının “Atəşin övladları” adlı qruplaşması yanğınla bağlı məsuliyyəti öz üzərinə götürüb.
Qeyd etmək lazımdır ki, PKK terrorçuları daha əvvəllər də onlara qarşı həyata keçirilən əməliyyatlara cavab olaraq təxribat və s. bu tipli cinayət əməllərinə əl atıblar.
Ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli yanğınlarla bağlı danışarkən bunun təxribat ola biləcəyi ehtimalını da istisna etməyib.
Sosial şəbəkələrdə yayılan videolarda isə iki nəfərin açıq bir məkanda otlara od vurduğu və daha sonra gizlincə ərazidən uzaqlaşdığını görmək mümkündür.
Bununla yanaşı, Antalyadan 500 km aralıqda olan Ankarada yanğın törətməyə çalışan bir nəfər saxlanılıb. Məlumata əsasən, Polatlı adlı qəsəbədə bir nəfər otları yandırıb qaçmağa çalışarkən sakinlər tərəfindən saxlanılıb və polisə təslim edilib. Yanğınsöndürənlər dərhal yanğına müdaxilə edə bilib və yanğın böyümədən söndürülüb.
Qafqazinfo
Follow @7timesaz