İyunun 27-də Bakının “Maşın bazarı”nda axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis kapitanı Elçin Səfərov bu gün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
7Times.az BAKU.WS-ə istinadən xəbər verir ki, vəfat etmiş polis kapitanı vəzifəli şəxslərdən birinin övladı olub.
Belə ki, Elçin Səfərov 1 saylı İstintaq Təcridxanasının sabiq rəisi Rəşid Səfərovun oğludur. R.Səfərov 2017-ci ildən Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsini icra edir.
Avtomobildə olan sərnişin – əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, onlardan biri bu gün dünyasını dəyişib.