Fransada COVİD-19 pasportu olmayan alıcılara supermarketə daxil olmağa icazə verilmir.
7Times.az xəbər verir ki, sosial şəbəkələrdə alıcıların bu qadağalara etiraz etməsini əks etdirən görüntülər yayılıb.
Videodan aydın olur ki, mühafizəçilər və polis əməkdaşları əllərində zənbil olan alıcılara ərzaq mağazasına daxil olmağa əngəl törədir. Qəzəbli alıcılar isə öz növbəsində səddləri aşaraq mağazaya daxil olmağa çalışır.
Sözügedən bu pasportlar vətəndaşın koronavirusa qarşı tam vaksinasiyadan keçdiyini və yaxud koronavirus testinin nəticəsinin mənfi olduğunu göstərir.
Xatırladaq ki, Fransada sanitar pasportlar bu ilin iyun ayının 9-dan etibarən tətbiq olunmağa başlayıb. Bu qaydalar çərçivəsində iyulun 21-dən etibarən 50 nəfərə yaxın insan qəbul edən məkanlarda sanitar pasport təqdim etmək məcburi olub. Bununla yanaşı, avqust ayının 9-dan başlayaraq fransızlar kafe, bar, restoran, ticarət mərkəzləri, qocalar evi və uzaq məsafəli nəqliyyat vasitələrində də məcburi qaydada sanitar pasport təqdim etməlidirlər. Bu ölkədə sanitar pasport 18 yaşından böyük hər kəsə şamil edilir. Sözügedən bu pasport sentyabrın 30-dan etibarən 12 yaşından 17 yaşına qədər yeniyetmələr üçün də keçərli olacaq.