ABŞ hərbçilərinin Əfqanıstandan qısa müddətdə çıxması külli miqdarda silah-sursatın və hərbi texnikanın “Taliban” qruplaşmasına qalmasına səbəb olub.
7Times.az xəbər verir ki, bu barədə dünyanın nüfuzlu mətbuat orqanları müxtəlif məlumatlar yayaraq bunun çox təhlükəli olduğunu vurğulayırlar. “Nyu-York Times” qəzeti yazır ki, bu silahlardan qonşu dövlətlərə qarşı istifadə oluna bilər. Belə ki, “Taliban” Əfqanıstanın bir sıra qonşuları ilə heç də yaxşı münasibətlərə malik deyil.
“Reuters” agentliyi isə Pentaqondakı mənbələrə istinad edərək Əfqanıstanda qalan silah-sursat və texnikanın təxmini sayını açıqlayıb. Qeyd olunub ki, Əfqanıstanda piyadaların hərəkəti üçün nəzərdə tutulan 2 min zirehli avtomobil, 40 hərbi təyyarə, o cümlədən “Black Hawk” tipli hərbi helikopter və “Scan Eagle” tipli pilotsuz uçuş aparatı “Taliban”ın əlinə keçib.
Qeyd olunub ki, ABŞ 2002-ci ildən 2017-ci ilə qədər Əfqanıstana 28 milyard dollar dəyərində hərbi ləvazimat verib. Bunların arasında uzaq hədəfləri vurmaq üçün raketlər, gecəgörmə cihazları və kəşfiyyat məlumatları əldə etmək üçün dronlar da olub. Bununla yanaşı, 2003-2016-cı illərdə Əfqanıstanın Müdafiə Nazirliyinə 208 hərbi aviasiya texnikası göndərilib.
ABŞ ordusunun istefada olan generalı Cozef Vottel bildirib ki, Əfqanıstanda qalan silah-sursat yeni texnologiyalar əsasında yaradılmış və məxfi hesab edilən hərbi arsenala aid deyil. Lakin bu silahlar hərbi əməliyyatlar zamanı çox lazımlı və qiymətli silahlardır.
Bəzi ekspertlər hesab edirlər ki, Əfqanıstanda qalan silah-sursat terrorçu qruplaşmaların əlinə keçə və ABŞ-ın özünə qarşı istifadə oluna bilər.
Follow @7timesaz