Hadisə

Polis polkovniki bölmədə döyüldüyünü deyir

Polis polkovniki bölmədə döyüldüyünü deyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daxili İşlər Nazirliyi Hospitalının şöbə rəisi işləmiş polis polkovniki Vitaliy Məhərrəmov bir müddət öncə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində döyüldüyünü iddia edir.
V.Məhərrəmov müraciətində qeyd edib ki, 2-ci Qarabağ müharibəsi zamanı hərbi həkim kimi Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında bir çox xüsusi rütbəli zabitləri, gizirləri və hərbi qulluqçuları əməliyyat edib. O bildirib ki, şəkərli-diabet xəstəsi və III qrup Qarabağ Müharibəsi əlili olduğu üçün 2020-ci il iyunun 4-də Binəqədi rayonu ərazisində yerləşən 27 saylı poliklinikaya şəkərli-diabet dərmanlarını, bundan əlavə də xəstəliyi ilə əlaqədar arayış almaq üçün gedəndə iki polis əməkdaşının, bir nəfər əsgərin və on nəfərə yaxın şəxsin yolun ortasında dayanıb yolu kəsdiklərini görüb: “Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşı, adını sonradan öyrəndiyim Mais İsmayılovdan hərəkəti davam etdirə bilməyimiz üçün yolu açmasını xahiş etdim. Lakin həmin polis əməkdaşı mənə yaxınlaşaraq məni tanıdığını dedi və bundan sonra kənar şəxslərin yanında mənə “sən rüşvətxorsan, sən məni əməliyyat edərək şikəst etmisən, səni rüşvət aldığına görə işdən qovublar” deyə qışqırmağa başladı.

Mən isə onu tanımadığımı, bu cür təhqiramiz sözlər işlətməməsini bildirdim. Sonra polisləri maşınıma dəvət edərək məsələni aydınlaşdırmağı təklif etdim. Mən ona “şikəst olmusansa, polisdə necə xidmət edirsən?” deyərək ağsaqqal adamı təhqir etməsinin düzgün olmadığını bildirdim. Mais İsmayılov məni Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə apardı, amma adımı qeydiyyata salmadılar. Bölmə rəisi Turab Paşayev məni qəbul edib “ə, ağsaqqal kişisən, heç utanmırsan hərəkətindən?!” dedi. Bu sözdən sonra əsəbiləşərək ona “ə, sən boyda olar” deyə cavab verdim. Turab Paşayev otaqda olan Çevik Polis Alayının əməkdaşları Mais İsmayılov və Orxan Əhmədova “bunu götürün, atın bayıra” deyə əmr verdi.

Həmin sözlərdən sonra polislər mənim qollarımdan tutub zorla dartıb otaqdan çıxararaq sürüyə-sürüyə digər otağa apardılar. Onlardan biri sol ayağımın içəri topuğundan vuraraq məni zorla otağa saldı. Bundan sonra şok vəziyyətinə düşdüm, bir neçə dəqiqə sonra mən döşəmənin üstündə ayıldım, otaqda olan polislər məni yerdən qaldırıb stula otuzdurdular, sonra isə mənə getməyimi dedilər. Mən ayağa qalxa bilmədiyimi deyib iki saat bu vəziyyətdə qaldım. Daha sonra polis əməkdaşları mənim gedə bilmədiyimi görüb məni stulla birlikdə qaldırıb otaqdan çıxartdılar, pilləkənlə aşağı salıb bölmənin həyətində olan bir skamyada oturdub çıxıb getdilər”.
Vitaliy Məhərrəmovun sözlərinə görə, həmin gün saat 16:00-ya qədər həmin skamyada qalıb: “Ağrılarım olduğu üçün heç cür hərəkət edə bilmirdim. Sonra öz tanışlarım vasitəsilə təcili tibbi yardım maşını gələrək məni DTX-nin Hərbi Tibb Baş İdarəsinə apardılar, orada mənə ilkin tibbi yardım göstərildi. Ağrıların şiddətlənməsinə görə iyunun 8-dən 16-na kimi 3 saylı Şəhər Kliniki Xəstəxanasında stasionar müalicə olundum. Hal-hazırdakı dövrə qədər diz qapağımda ciddi ağrılar davam edir”.
Polis polkovniki deyir ki, dəfələrlə hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərdən sonra materiallar araşdırılması üşün Binəqədi rayon Prokurorluğuna göndərilib: “Amma həmin polis əməkdaşları barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi. Məhkəmə tibbi ekspertizası iki dəfə rəy verdi ki, bədənimdə yaranan xəsarətlərin sağlamlığı uzun müddətə pozan az ağır zərər vurmaya aiddir. Həmin xəsarətlərin 04 iyun 2020-ci il tarixdə təpiklə vurulan zərbə nəticəsində əmələ gələ biləcəyi də qeyd olunmuşdu. Mənim şikayətimdən sonra müstətniq Aqil İsgəndərlinin qərarı ləğv edildi, iş digər müstəntiq Tuqay Rəhimliyə verildi. O da eyni ifadələri köçürərək bu il iyunun 14-də cinayət işinin başlanılmasını rədd etdi. Prokurorluq oranlarının əməkdaşlarının bir polis rəisindən bu qədər çəkinəcəklərini və qorxacaqlarını təsəvvür edə bilməzdim”.
Polis polkovniki V.Məhərrəmov bildirib ki, verilən rəsmi cavabda onunla profilaktik söhbət aparıb yola saldıqları və törətdiyi əmələ görə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən cərimələndiyi qeyd edilib.

Məsələ ilə bağlı Binəqədi rayon Prokurorluğuna sorğu ünvanladıq. “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci il avqustun 28-də Vitaliy Məhərrəmovun Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb: “Aparılmış araşdırmanın nəticəsində Vitaliy Məhərrəmovun Binəqədi RPİ-nin 7-ci polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd olunub”.anews.az