Hadisə

Özünü doğramaq istəyən həkim Aynur Əsədli: “Məni Maştağaya yerləşdirmək istədilər”

Özünü doğramaq istəyən həkim Aynur Əsədli: “Məni Maştağaya yerləşdirmək istədilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 4 ildən çoxdur ki, Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçilər arasında insident yaşanır.

Bu gün isə İnstitutun həkimi Aynur Əsədli sözügedən labaratoriyanın şöbə müdiri Nuriyyə Səlimovanın özbaşınalıqlarından və böhtanlarından bezdiyi üçün özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə müdaxilə ediblər.

Bizim.Media-ya olayla bağlı danışan Aynur Əsədli Nuriyyə Səlimovanın onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini iddia edib: “Oktyabrın 16-da Nuriyyə Səlimova rəhbərliyə təqdimat yazıb ki, guya mən reaktivləri yararsız olan soyuducudan başqa bir soyuducuya keçirmişəm. Bununla bağlı videogörüntü də var və sosial şəbəkələrdə paylaşılıb. Labaratoriyalarda mövcud olan tibbi avadanlıqlara və vasitələrə, reaktivlərə mən cavabdeh deyiləm. Buna baxmayaraq təqdimat yazılıb və məndən növbəti dəfə izahat tələb olunub. Bu qədər böhtan, şər olmaz axı…Üstəlik 6 işçinin aktı var ki, bu məsələdə mənim heç bir günahım yoxdur. İlk hadisə deyil, dəfələrlə bu böhtanlarla qarşılaşmışam. Psixi gərginlik keçirdim və intihar həddinə çatdım. Olayla bağlı hüquq mühafizə orqanlarına məlumat verilib və iş Nizami Rayon Prokurorluğuna verilib”.

Aynur Əsədlinin sözlərinə görə olaydan sonra ona psixiatrik briqada göndərilib və 1 saylı Respublika Psixiatriya xəstəxanasına (Maştağa) yerləşdirilməsi cəhdi olub: “Bu şəkildə təzyiqlərlə məni işdən çıxarmaq istəyirlər. Xəstəxanada yaşanan ümumi problem və insidentlər orada yatan xəstələrin vəziyyətinə də təsir edir. Bu günkü olaydan sonra isə vəziyyət daha da ciddiləşib. Hazırda labaratoriyada 32 qan hələ də müayinə olunmayıb.

Bu isə o deməkdir ki, xəstələrin müalicəsi vaxtında həyata keçmir. Konkret olaraq tibbi fəaliyyət bir kənarda qalıb, işçilər arasında konflikt yaşanır. Bu dama heç bir işçi ilə yola getmir. Məsələ burasındadır ki, Nuriyyə Səlimova barəsində İnstitut direktoru Həqiqət Qədirova da mənfi rəy verib ki, labaratoriyada işini düzgün qurmayıb. O zaman ortaya sual çıxır. Bunu bu vaxta qədər xəstəxanada saxlamağın adı və mənası nədir? Təssüf ki, bu günə qədər institutda baş verənlərlə bağlı nə TƏBİB-dən, nə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən hər hansı addım atılıb”, – deyə həkim əlavə edib.

Aynur Əsədli 10 gün müddətində 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında müalicə alacağını da əlavə edib.

Məsələ ilə bağlı olayda adı çəkilən Nuriyyə Səlimova ilə əlaqə yaratmaq mümkün olmayıb. Gün ərzində şöbə müdirinin telefonuna zəng çatmayıb. Onun da da mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda maliyyə fırıldağı və İnstitutun Kliniki Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçiləri arasında yaşanan qalmaqalla bağlı məsələni ilk olaraq Bizim.Media gündəmə gətirib.

Yazıda Labaratoriya həkimi Aynur Əsədlinin saytımıza açıqladığı Nuriyyə Səlimovadan şikayəti, işçilər arasında ayrıseçkilik və fəaliyyətində yol verdiyi özbaşınalıqlarla bağlı iddialarını qeyd etmişdik.

Onu da bildirək ki, Aynur Əsədli institutda baş verənlərlə bağlı ölkə başçısı İlham Əliyevə, TƏBİB idarə heyətinin sədrinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə, İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman xanım Səbinə Əliyevaya, Baş Prokuror Kamran Əliyevə açıq məktub ünvanlayıb. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova isə məhz Aynur Əsədlinin dövlət başçısına müraciətinə görə onu məhkəməyə verib.

Məhkəmə prosesi oktyabr ayının 21-də keçiriləcək.