Şou-biznesin tanınmış simaları ifa etdikləri mahnılardan daha çox şəxsi həyatları, evlilikləri ilə insanların diqqət mərkəzində olur. Bu aləmdə çoxu evli olsa da, boşananları da var.
7Times.az lent.az-a istinadən bu gün boşanan məşhurlardan yox, evli olub, həyat yoldaşlarından ayrı yaşayan məşhurların siyahısını təqdim edir:
İlk sırada müğənni Gülay Zeynallı ilə idmançı Kamil Zeynallı cütlüyü durur. Gülay bu yaxınlarda açıqlamasında bildirib ki, Kamillə ayrı-ayrı evlərdə yaşayırlar: “Allah hamıya nəsib etsin. Kamilin anasının, mənim anamın evi var. Mənim də evim və bağım var. Kamil yardımlarla bağlı orda da, burda da qalır. Kamilin adından deyirəm, onu Kamil edən anası, məni Gülay edən isə öz anamdır”.
Uzun illər öncə ailə quran müğənni Günel Məhərrəmova da həyat yoldaşı ilə nəinki bir evdə, eyni ölkədə də yaşamır. Bu evlilikdən bir övladları olan müğənni ayrı yaşamalarını bu cür izah edib: “Artıq bunu hamı bilir ki, mənim həyat yoldaşım Kiyevdə yaşayır. Orada mebel işləri ilə məşğuldur. 6-7 yaşından Moskvada, Kiyevdə yaşadığından, Bakıda belə qala bilmədi”.
2010-cu ildə türkiyəli iş adamı ilə ailə quran müğənni Yeganə Mürsəlova da həyat yoldaşından ayrı qalıb. O, ərindən ayrı düşməsini bu cür izah edib: “Mən təyyarələrdə yaşayıram. Türkiyəyə gedəndə Bakı üçün çox darıxıram. Bura gələndə də İstanbula getmək istəyirəm. Oradakı yaşayışım bitə bilməz. Ailəm, evim oradadır. İstərdim ki, anamı, bacımı, qardaşımı da özümlə ora aparım. Bu isə mümkün deyil.
Çoxları yazır ki, boşanmısınız. Amma yox. Yoldaşım əvvəllər bu xəbərlərə çox əsəbiləşirdi. Hətta efir gedə-gedə mənə yazırdı ki, o canlı efiri yarımçıq burax, evə qayıt. Deyirdim ki, məni neçə-neçə insanlar izləyir, onların nə günahı var? İndi o da susur, mən də. Deyir ki, bizim boşanmaq xəbərimizi deyə-deyə qocalacaqlar”.
Gənc nəsli daha çox tənqid edən müğənni Əli Mirəliyev də illərdir həyat yoldaşından ayrı yaşadığını efirdə deyib: “Evdə tək qalıram. Arvadın əlindən qaçmışam. Mərdəkanda qalıram. Paltarımı özüm yuyub, ütüləmişəm. Arvadıma əziyyət verməmişəm, atam dərzilik öyrədib. Bircə yemək bişirə bilmirəm”.
Türkiyəli müğənni Doğuşla evli olan aparıcı Xoşqədəm Hidayətqızı da həyat yoldaşından ayrı yaşayır. Aparıcının işi Bakıda, müğənninin işi isə Türkiyədədir. Bu səbəbdən yalnız işlərində yaranan fasilə zamanı cütlük bir araya gəlir.
Kirayədə yaşayan Əməkdar artist Ruhəngiz Allahverdiyeva da illərdi həyat yoldaşından ayrı düşüb. Müğənni bu barədə hələ ki heç yerdə açıqlama verməyib.
Müğənni Natavan Həbibi reper Dado (Səid Əliyev) cütlüyü də ayrı-ayrə evlərdə yaşayırlar. Onlar yalnız övladlarına görə bir araya gələ bildiklərini deyiblər. Bu barədə Dado bu açıqlamanı vermişdi: “Uşağa görə görüşürük. Uzun müddət susdum, açıqlamadıq. Məcbur olub özüm açıb ayrıldığımızı dedim. Münasibət yox vəziyyətdədir. Sevgim qalmayıb, yoxdur. Sevgini sındırmağa nə var ki… Sevgi dönüb ailə olmuşdu. Geri qayıtmaq fikrim də yoxdur”.
Xalq artisti Brilliant Dadaşova da həyat yoldaşı ilə ayrı-ayrı evlərdə yaşayırlar.
Aktrisa Ülviyyə Əliyeva özü Bakıda, həyat yoldaşı Manaf bəy Moskvada yaşayır. Elə buna görə də bir neçə dəfə mətbuatda cütlüyün boşanması xəbəri dərc olunmuşdu. Ülviyə isə həmin xəbərlərə bu cür münasibət bildirmişdi: “Yaradıcılığım var. 23 ildir aktrisalıq fəaliyyəti göstərirəm. Sevmirəm ailəmlə gündəmə gəlim. Sosial şəbəkədə varam, amma ailəmlə bağlı paylaşım etmirəm. Bu, mənim özəlimdir. Heç kəsə ixtiyar vermirəm ailəmi kimsə müzakirə etsin. Xoşbəxt ailəm var. Bir-birimizi başa düşən, sözü boğazından keçən ailəyik. İstəmirəm çirkab sözlərlə çirkləndirsinlər. Paylaşmıram, o demək deyil ayrıldıq. Paylaşmaq üçün yetərincə materialım var. Özəlimdir, yuvama toxunmayın”.
Türkiyə vətəndaşı Canberk Coşquntuna ilə evli olan müğənni Aytac Vidadiqızı da həyat yoldaşından ayrı yaşayır. Bu evlilikdən iki övladı olan ifaçının boşanma xəbəri çıxsa da, bunu təkzib etmişdi: “Həyat yoldaşım Amerikadadır, müəyyən səbəblərdən yollarımızı birləşdirə bilmirik. Buna görə də duyğularım qarışmışdı. Mənə görə narahat olan dostlarım çox oldu, elə həyat yoldaşımın özü də. Allah tezliklə xeyirli qapı açsın və biz qovuşaq!”