“Flyone Armenia” şirkəti Ermənistanın Mülki Aviasiya Komitəsinə İrəvan – İstanbul və əks istiqamətdə reyslərin həyata keçirilməsi üçün sorğu göndərib.
7times.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan məlumat verib.
O bildirib ki, sorğu müəyyən edilmiş meyarlara cavab verərsə, təsdiqlənəcək və aviaşirkət həmin istiqamətdə uçuşlar həyata keçirə biləcək.
Qurumun sözçüsü vurğulayıb ki, nazirlik uçuşların bərpasına heç bir maneə görmür. Belə ki, hazırkı hədəflərdən biri hava marşrutlarının coğrafiyasını genişləndirmək və sərnişin axınını artırmaqdır.
Onun sözlərinə görə, İrəvanla Ankara arasında diplomatik münasibətlərin olmadığı, həmçinin müvafiq aviasiya müqavilələrinin imzalanmadığı nəzərə alınmaqla, uçuşlar qeyri-müntəzəm olacaq.
Arutyunyan əlavə edib ki, Türkiyə aviaşirkətləri bu reysin həyata keçirilməsi üçün Ermənistanın aviasiya qurumuna müraciət etməyib.
Qeyd edək ki, daha öncə İrəvan-İstanbul reysinin dekabrın 15-dən etibarən fəaliyyətə başlayacağı, hətta bununla bağlı icazənin də alındığı barədə məlumat yayılmışdı.
Follow @7timesaz