“BBC”də yayımlanan əfsanəvi aktrisa Coan Kollinzin həyatından bəhs edən sənədli filmdə onun yaşadığı çətinliklər ortaya çıxıb.
7Times.az Axşam.az-a istinadən xəbər verir ki, beş dəfə ailə həyatı quran aktrisa yalnız sonuncu evliliyində xoşbəxtliyi tapa bildiyini etiraf edib.
Məlum olub ki, 88 yaşlı sənətçi birinci həyat yoldaşı aktyor Maksvell Ridlə ilk görüşündə təcavüzə məruz qalıb. O, 1952-ci ildə Ridlə ailə həyatı qursa da həyat yoldaşı tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qalıb. Aktrisanın iddialarına görə, əri onu 10 min sterlinq müqabilində şeyxə satmağa çalışıb. Boşanma ərəfəsində Rid məşhurluğunu ona borclu olduğu iddia edib. Bu səbəbdən ayrılıq aktrisaya bugünkü pulla 1,9 milyon funta başa gəlib.
Coan 1963-cü ildə ikinci həyat yoldaşı, ingilis pop ulduzu Entoni Nyuli ilə ailə həyatı qurub. Entoninin fırıldaqçı olduğunu deyən aktrisa ərinin 6 illik evlilikləri müddətində ona davamlı olaraq xəyanət etdiyini açıqlayıb.
1972-ci ildə “Apple” şirkətinin rəhbəri Ron Kassa ərə gedən aktrisa “Üçüncü evliliyimdə maliyyə istismarına məruz qaldım” sözlərini işlədib.
Coanın dördüncü evliliyi isə skandinaviya müğənnisi Piter Holmla olub. O, bu həyat yoldaşının isə bütün işlərini nəzarətdə saxlamağa çalışdığını açıqlayıb. “O zaman karyeramın zirvəsində idim və bir komanda ilə işləyirdim. Lakin Piter vəkilimi, mühasibimi və menecerimi işdən çıxararaq həyatımı idarə edirdi”, deyə, aktrisa bildirib.
O, beşinci həyat yoldaşı Persi Qibsonla 2000-ci ildə tanış olub. Coan özündən 32 yaş kiçik Persi Qibsonla xoşbəxt olduğunu etiraf edib. “Persi ilə tanış olan kimi bir-birimizə dəlicəsinə aşiq olduq. Hər şey heyrətamiz və gözəl idi. Bu evlilik mənim üçün bir mükafat oldu, çünki ilk dörd evliliyimdə bədbəxtliklərdən payımı almışdım. Dəhşətli boşanmalar yaşadım. Qızımı qəzada itirdim. Sonra iflas oldum, aktrisa kimi iş tapa bilməmək kimi bir çox problemlərlə qarşılaşdım. İndi Persi ilə çox xoşbəxtəm, sağ ol həyat”, deyə, aktrisa müsahibəni bitirib.
Follow @7timesaz