Qazax rayonunun Aslanbəyli kəndində, 2020-ci ilin iyunun 28-də baş verən qətl hadisəsinin məhkəmə istintaqının təfərrüatı bəlli olub.
7Times.az oxu.az-a istinadən məhkəmə sənədinə əsasən cinayətin törədilməsinə rəvac verən motivləri təqdim edir.
Aslanbəylidə bir ev var, bu ev, 1990-cı il təvəllüdlü Fərrux Məmmədovun atasından miras qalıb. Baxımsızdır, amma nəticədə ata yadigarıdır və bu evin Fərrux üçün böyük mənəvi dəyəri var.
Mənəvi dəyərin şüurdakı ölçüsü və sərhədləri sonsuzdur, elə Fərrux da öz aləmində bu sonsuzluğun qəlbində əbədiyyət qazanması üçün həmin evə “toz qondurmur”.
Yəni, ata yadigarı olan ev baxımsız, boş olsa da, Fərrux üçün maddiyatdan çox böyük mənəvi sərvətdir.
Lakin günlərin bir günü həmin evdən əxlaqsız məqsədlər üçün istifadə edildiyini öyrənir.
Fərruxa məlumat gəlir ki, həmin evdən tapılan cinsi əlaqə zamanı istifadə olunan qoruyucu vasitə və içində sidik olan butulka tapılıb.
Fərrux bunu həzm edə bilmir, dərhal hərəkətə keçərək həmin evdən kimlərin başqa məqsədlərlə istifadə etdiyini araşdırmağa başlayır.
O, kəndə gələrək atasından miras qalmış evə baxan qohumu (anasının əmisi oğlu) Telman Əhmədovu sorğu-suala tutur.
Telman Əhmədovun suallara cavabı Fərruxu əsla sakit buraxmır, əksinə, alovlu düşüncələrinin üzərinə “benzin tökərək” şübhələrini Telman üzərində cəmləmək üçün əsaslar yaradır.
“Fərrux Telmanla söhbət edərkən onun danışığından və hərəkətlərindən şübhələnir. Məhz Telmanın bu işdən məlumatlı olması və həmin evdə əxlaqsızlıqla məşğul olmasından şübhələnir”, – deyə istintaq materiallarında bildirilir.
İşin axırına çıxmağa çalışan Fərrux Telmanın yaxasından əl çəkmir, suallarına aydın cavablar tələb edir.
Bakıda yaşayan Fərrux bir neçə dəfə kəndə gəlib-gedir, ancaq Telman haqqındakı şübhələr onu rahat buraxmır.
Buna görə də, 2020-ci ilin iyunun 27-də Telmanın onların evindən müxtəlif məqsədlərlə istifadə etdiyi üçün konkret olaraq onu öldürmək qərarına gəlir.
Fərrux anasına və qardaşına heç bir söz demədən Qazaxa yollanır, Aslanbəyliyə çatdıqdan sonra Telmanın dükanına gedir.
Fərrux Telmanla mübahisə edir, ona “Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən” deyir. Bu mübahisə Telmanın söyüş söyməsi ilə nəticələnir, dükanın qarşısında duran şəxslər Fərruxu oradan uzaqlaşdırır və imkan vermirlər ki, o, qohumuna yaxınlaşsın.
Bu barədə Fərruxun dayısına məlumat verilir, o gələrək Fərruxu geriyə yola salır. Ancaq emosiyalar daha da qızışır, elə bir həddə çatır ki, Fərrux Bakıya qayıdarkən yolda düşüb geri – Aslanbəyliyə qayıdır.
“Fərrux sprinterdən düşdükdən sonra Qazax istiqamətində yolla keçən digər avtobusa minib Telmanı öldürmək üçün Qazax şəhərinə gedir və mərkəzi bazarın yanında düşür. Heç kim onu narahat etməsin deyə mobil telefonunu söndürür. Mətbəx əşyaları satılan dükana yaxınlaşaraq rəngli açılıb-qatlanan bıçaq alır, onu cibinə qoyub Aslanbəyliyə yol alır”, – deyə istintaq materiallarında belə bildirilir.
Mindiyi taksini Telmanın dükanının qabağına sürdürən Fərrux avtomobildən düşən kimi bıçağını çıxarıb Telmanın üzərinə yeriyir. O, Telmana bir neçə dəfə bıçaq zərbəsi endirir və qohumunu qəsdən həyatdan məhrum edir.
Fərrux məhkəmənin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Follow @7timesaz