Ölkə

“Bir-iki serialda çəkiləndən sonra özümə söz verdim ki, çəkilməyim, xalturadır…”

“Bir-iki serialda çəkiləndən sonra özümə söz verdim ki, çəkilməyim, xalturadır…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bəzən mənə sual verirlər ki, “O vaxt çəkildiyiniz filmlər indi çəkilsəydi böyük uğur qazanardı?”. Mən təbii ki, bu sual qarşısında aciz qalıram. Yaxşı ki, o illərdə filmlərə çəkilmişəm, nə çəkilmişəmsə o filmlərdir. Yeni bir iş yoxdur ki, nümunə göstərim! Azərbaycan kinosundakı durğunluq görəsən nə vaxt aradan qalxacaq?! Bunu oturub düşünmək lazımdır. Bir neçə seriala çəkildim, başdan ayağa “xaltura” idi. Sonra özümə söz verdim ki, daha çəkilməyəcəm! Tezbazar çəkib qaçmaqla deyil, az olsun, amma keyfiyyətli olsun. Dövlət pul ayırır, amma ortalıqda heç nə yoxdur. Bir onu bilirəm ki, o vaxt kinostudiyada kinoya vurğun adamlar çoxluq təşkil edirdi, amma indi o adamlar yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev bildirib. O daha sonra aktyorun teatrda çalışmağının vacibliyini bildirib.
“Universiteti bitirəndə Tədris teatrında oynamışam, amma təəssüflər olsun ki, məni teatra götürmədilər. Hər zaman demişəm, indi də deyirəm ki, normal aktyor teatrda çalışmalıdır, imkanı olanda isə filmlərə çəkilməlidir. Çünki  aktyor teatrda baqajını yığır və kinoda xərcləyir. Mehdi Məmmədov mənim müəllimim olub, 1980-ci illərdə “İblis” tamaşasında Arif obrazını mənə verdi və 4-5 tamaşa mən oynadım. Bir də 2000-ci ildə Mikayıl Mirzə “Aydın” tamaşasını hazırladı və mənə Dövlət bəy obrazını verdi. Teatr ayrı bir zövqdür, amma nə edim ki, mən həyatımı kino ilə bağladım”, – deyə aktyor bildirib.
Rasim Balayev sonda gənclərə tövsiyə də verib.
“Bu sənətə gərək vurulasan, eşq lazımdır, Məcnun olmaq lazımdır. Bu olmasa mümkün olan şey deyil. Sənətə yaxşı ev, dolanışıq, maşın üçün gəlmək düzgün deyil. Sən yaxşı sənətkar olsan, onlar hamısı mexaniki gələcək. Sən öncə sənətə fikir ver. İndi iki filmə çəkilir, istəyir ki, hündürmərtəbəli binada evi, bahalı maşını olsun. Filmə dəvət gələn kimi soruşur ki, nə qədər qonorar verəəcksən?! Belə şeylər məndən tamamilə uzaqdır, heç vaxt soruşmamışam ki, mənə nə qədər pul verəcəksiniz?!”, – deyə sənətkar bildirib.