Böyük Britaniya Kiyevdəki səfirliyinin əməkdaşlarının bir hissəsini və onların ailə üzvlərini ölkədəki vəziyyətin gərginləşməsi səbəbindən geri çağırmağa başlayıb. Bundan öncə ABŞ Kiyevi könüllü tərk etmək istəyən diplomatlarına sərbəst seçim icazəsi vermişdi.
Maraqlıdır, indiki halda başda ABŞ olmaqla, Qərb ölkələrinin diplomat ailələri Ukraynanı niyə tərk edir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, ABŞ və Qərb ölkələri diplomatlarının ailələri ilə birlikdə Ukraynanı tərk etmək təlimatı vətəndaşları olduqları ölkələrinin rəsmi qurumlarından gəlib.
“Bu yalnız Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalının yüksək olmasıyla əlaqəli deyil. Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Kiyevdə Rusiyaya bağlı “yatmış hücrələr” var ki, Moskvadan əmr alan kimi istənilən təxribatı həyata keçirə bilərlər, bu sırada terror aktları da istisna deyil. Ukrayna Donbas uğrunda müharibə apardığı illərdə Kiyev və Xarkovda terror partlayışları olmuş, bu zaman Ukraynanın dövlət qurumlarının əməkdaşları hədəf alınmışdı. Görünür, Qərb ölkələrinin kəşfiyyat xidmətləri Ukrayna şəhərlərindəki “yatmış hücrələrin” yenidən fəaliyyətə keçəcəklərindən ehtiyatlanırlar”.
Follow @7timesaz