Yaxın qohumlararası (əmioğlu, xalaoğlu, dayıoğlu, bibioğlu, əmiqızı, xalaqızı, dayıqızı, bibiqızı) nikahın tarixən mühüm siyasi və iqtisadi səbəbləri olmuşdur.
Gundem.az xəbər verir ki məsələylə bağlı beynəlxalq sertifikatlı həkim-psixoterapevt, hipnoloq, seksoloq, Avropa Psixoterapiya Assosiasiyasının həqiqi üzvü Şəmsəddin Babayev Metbuat.az-a açıqlama verib: “Kral sülalələri əvvəllər kənar adamları öz dairələrinə buraxmırdı və nikahlar, ancaq kral ailələrinin üzvləri arasında bağlanılırdı. Bəzi xalqlar isə belə başa düşürdülər ki, pul ailədən kənara çıxmamalıdır. Kübar ailələr ideal nikah qurmaq və öz soyadlarını qorumaq üçün qanlarını kənar qanla qarışdırmaq istəmirdi. İndi isə alimlər deyirlər ki, Misir fironlarının sülaləsinin sönməsinə səbəb məhz qohumlararası nikahlar olmuşdur. Genetiklər daim təsdiq edirlər ki, qohum nəsillərdə fizioloji anomaliyaların mümkün olma ehtimalı çoxdur. Məhz kral sülalələrində uşaqlar irsi anomaliyalardan daha tez-tez əziyyət çəkmiş, onların həyat qabiliyyətləri aşağı olmuşdur. Müasir alimlərin fikrincə, kənar qanlar çox qarışdıqca, nəsil daha sağlam, gözəl və əqli cəhətdən inkişaf etmiş olur. Qohumlararası nikah Asiyada, ölkəmizdə normal sayılır, Avropada buna heç bir hüquqi qadağa qoyulmayıb, ABŞ-da 24 ştatda buna rəsmi qadağa qoyulub, 7 ştatda isə genetik ekspertizanın icazəsi ilə qohumlar evlənə bilər”.
Həkim əlavə edib ki, burada müəyyən tibbi risklər də var. Qohumlarda genlərin eyni gizli dəyişikliklərinə həddən artıq rast gəlinir. Doğulacaq uşaqda genin məlum dəyişikliyi böyük ehtimalla artıq gizli yox, aşkar olacaq, yəni, valideyn sağlam olsa belə, uşaq fiziki və ya əqli cəhətdən xəstə doğulacaq. Odur ki, qohumlar ilk öncə genetik ekspertizadan keçməli, onlardan öncəki bir neçə nəsil sağlamdırsa və tibbi risk yoxdursa, nikaha girə bilərlər.
Follow @7timesaz