Dünya

“Rusiya Ukraynaya müharibə elan edəcəyi təqdirdə çox ciddi problemlərlə üzləşəcəyini aydın təsəvvür edir…”

“Rusiya Ukraynaya müharibə elan edəcəyi təqdirdə çox ciddi problemlərlə üzləşəcəyini aydın təsəvvür edir…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənim zənnimcə, müharibə və Rusiyanın mütləq Ukraynaya hücum edəcəyi məsələsində müəyyən şişirtmələr, bəzi faktların təhrif edilməsi var. Rusiya Ukraynaya hücum etməyi o məqamda mümkün hesab edir ki, Ukrayna NATO-ya daxil ola bilsin, yaxud da ki, öz ərazisində NATO-nun hər hansı bir ordu hissəsini və ya bazasını yerləşdirmiş olsun. Hələ ki, belə bir hadisə yoxdur və yaxın gələcəkdə də bunun baş verə biləcəyi mümkünsüz görünür. Yəni Rusiyanın qırmızı xətt hesab etdiyi və NATO-nun onun sərhədlərinə doğru yaxınlaşması kimi hadisə ən azından yaxın beş il ərzində baş verməyəcək. Bu nöqteyi-nəzərdən də Rusiyanın Ukraynaya müharibə elan edib, hücum etməsi kimi səbəblər mövcud olmayacaq”

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya-Ukrayna münasibətlərini şərh edərkən deyib. Politoqun sözlərinə görə bu məsələdə bir çox hadisələr şişirdilir:
“Əgər Rusiya bu səbəblər olmadan da Ukraynaya hücum etsə, bu artıq beynəlxalq qalmaqala çevrilə və Rusiya üçün çox ağır nəticələr törədə bilər. Bu gün kimlərsə Rusiyanın hərbi potensialını həddən artıq şişirdir. Az qala Ukraynanı ona bir udumluq loxma kimi təqdim edirlər. Amma məsələ belə deyil. Əgər bu gün Ukrayna ordusu 250 min nəfərdisə, üstəlik də daha 100 min nəfərlik ordu hissələrinin hazırlanması barədə göstəriş verilib, bir sıra ölkələr, əsasən də NATO ölkələri və başda Amerika olmaqla, Ukrayna ordusunun təkmilləşdirilməsi və onun döyüş qüdrətinin artırılması istiqamətində ona hər cür yardım göstərirlər.
Bu gün Ukrayna ordusunun əlində beşinci nəsil silahlar var.  Bunlar tank əleyhinə nəzərdə tutulan çox müasir silahlardır. O cümlədən də hava hücumundan müdafiə sistemləri var. Bununla yanaşı, ordunun bütünlüklə NATO standartları üzrə hazırlanması prosesi döyüş qüdrətini xeyli artırıb. Bu gün iki mindən çox NATO təlimatçısı  Ukraynada onun ordusuna təlim keçir. Bununla yanaşı, Ukraynaya silahlar daşınır. Sərəncamında olan silahların müasirliyinə görə Ukrayna Rusiyanı xeyli qabaqlayır. Ukrayna və Rusiya məsələsiylə bağlı müxtəlif dəhşətverici ssenarilər yazan adamlar mənə elə gəlir ki, ciddi şəkildə yanılır. Əksinə mənə belə gəlir ki, hər hansı bir müharibə təhdidi olacağı təqdirdə Rusiyanın beynəlxalq miqyasda təklənməsi prosesi tam həyata keçəcək. Öldürücü sanksiyaların həyata keçməsi nəticəsində Rusiya zənnimcə, çökdürüləcəkdir. Üstəlik də Rusiya ordusu deyildiyi kimi Donetsk və Luqansk ərazilərini keçərək Ukrayna ərazilərinə daxil ola bilməyəcək, çünki Ukrayna ordusu artıq Rusiya ordusuyla eyni səviyyədə və bəzi məqamlarda isə daha üstün səviyyədə döyüşməyi bacaran müasir ordudur. Üstəlik də Amerikanın və başqa ölkələrin nə deməsindən asılı olmayaraq belə vəziyyət yaranarsa, Ukraynaya hər cür köməyi göstərəcəklər. Hesab edirəm ki, Rusiya getdikcə, daha sərrast düşünməyə başlayıb və Ukraynaya müharibə elan edəcəyi təqdirdə çox ciddi problemlərlə üzləşəcəyini aydın təsəvvür edir. Ona görə də müharibə sözü Rusiyanın dilindən daha az səslənməyə başlayıb. Düşünürəm ki, yaxın bir neçə ay ərzində Ukrayna Avropanın və bölgənin ən güclü, qüdrətli hərbi potensialına malik olan dövlətinə çevriləcək”.