“Polşa əvvəldən Rusiyanın istənilən təcavüz və terror təzahürünün əleyhinədir”.
Moderator.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski ABŞ-ın Ukraynada gərginliyin artmasına cavab olaraq Polşaya 1700 əsgər göndərmək qərarını şərh edərkən bildirib. Onun sözlərinə görə, ABŞ-ın bu həmrəylik jesti Qərbin birliyinin və Rusiyanın cilovlanmasının mühüm simvoludur.
Çərşənbə günü Vaşinqtonda mətbuat konfransı zamanı Pentaqonun nümayəndəsi Con Kirbi Polşaya Amerika əsgərlərinin əlavə hissələrinin yerləşdiriləcəyi barədə məlumat verib. Onun sözlərinə görə, əsgərlər ikitərəfli razılaşmalar çərçivəsində yerləşdiriləcək. “Bu, aqressiyadan müdafiə olunmağa hazır olduğumuzun açıq siqnalıdır. Polşa və Almaniyaya 2000 əsgər göndəriləcək. Onların əksəriyyəti Polşada yerləşdiriləcək”, – deyə o əlavə edib. “Wirtualna Polska” nəşrinin xəbərinə görə, hər şey onların yaxın günlərdə Avropaya gələcəyini göstərir.
Bu məlumatdan sonra Polşa Milli Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak da Polşaya əlavə 1700 amerikalı əsgərin göndəriləcəyini təsdiqləyib. “Biz qonşumuza qarşı istənilən təcavüzə qarşıyıq”, – deyə nazir özünün “Twitter” səhifəsində yazıb.
Həmçinin ölkənin baş naziri Mateuş Moravetski Vaşinqtonun Polşada növbəti qüvvə yerləşdirmək qərarını şərh edərək bildirib ki, ABŞ-ın reaksiyası Rusiyanın təcavüzkar hərəkətləri ilə bağlıdır. “Birləşmiş Ştatlar, elan olunduğu kimi, Ukraynada artan gərginliyə cavab olaraq Polşaya 1700 əsgərini yerləşdirəcək. Polşa lap əvvəldən Rusiyanın istənilən təcavüz və terror təzahürünün əleyhinədir və bu məsələni beynəlxalq arenada açıq şəkildə qaldırır”, – deyə baş nazir öz “Facebook” səhifəsində bildirib.
Nəşrin yazdığına görə, o, eyni zamanda ABŞ-ın bu həmrəylik jestinin demokratik ölkələrin birləşməsinin və əməkdaşlığının daha bir mühüm simvolu kimi həmçinin Vladimir Putinə qarşı növbəti hərbi əməliyyatlara qarşı xəbərdarlıq rolunu oynadığına diqqəti çəkib.
Follow @7timesaz