Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə lazımi vasitələri ehtiyacı olan ölkələrə çatdırmaq və virusu nəzarət altına almaq üçün keçən il olduğu kimi 23 milyard ABŞ dolları dəyərində yardım tələbini təkrarlayıb.
Sfera.az xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom pandemiyanı fövqəladə vəziyyətdən qurtarmağın yolları barədə danışıb:
“Elm sayəsində dünya koronavirus ilə mübarizə alətlərinə çıxış əldə etdi. Bu vasitələr dünyada ədalətli şəkildə paylansa, bu il virusu qlobal fövqəladə vəziyyət kimi aradan qaldıra bilərik”, – deyə o, bildirib.
Təşkilatın internet saytında dərc edilən açıqlamada mutasiyaların yaranmasına səbəb kimi peyvəndlərin qeyri-bərabər paylanıldığı bildirilib. Vurğulanıb ki, peyvəndlərə və koronavirusa qarşı mübarizənin digər vasitələrinə əlçatanlıqdakı qeyri-bərabərlik virusa görə insan tələfatına səbəb olmaqla yanaşı, həm də yeni və daha təhlükəli variantlarının ortaya çıxması riskinə səbəb olub.
Pandemiya ilə mübarizədə 2022-ci ilin sentyabrına qədər yüksək və aşağı gəlirli ölkələr arasında maliyyə fərqini aradan qaldırmaq üçün inkişaf etmiş ölkələrdən 16,8 milyard dollar tələb edilib.
Tələb olunan pul toplanarsa, qısa müddətdə 600 milyon dozalıq pandemiya peyvəndi hövzəsi yaradılacaq və bu ilin ortalarına qədər dünya əhalisinin 70 faizi peyvənd olunacaq.
Follow @7timesaz