Türkmənistanda qadınların avtomobil idarə etməsinə isti yanaşılmırdı. İndi sürücülük vəsiqəsinin müddəti bitənlərə süni əngəl də yaradılır.
7times.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabadda qadınlara sürücülük vəsiqəsi verməyi dayandırıblar. Müddəti artırmağa çalışanlara ciddi problem yaradılır. Yeni sürücülük vəsiqəsindən isə heç söhbət gedə bilməz.
Alternativ medianın yazdığına görə, prezident Qurbanqulu Berdıməhəmmədovun bununla bağlı ciddi tapşırığı var. Buna görə də Dövlət Yol Polisi Müfəttişliyi qadınların qarşısını kəsib. Sentyabrın 21-də bir qrup qadın sürücü Daxili işlər naziri Məmmədxan Çakıyevlə görüşə cəhd göstərib. Nazirlikdən onlara qurum rəhbərinin sentyabrın 27-də Müstəqillik Günü ilə bağlı keçiriləcək parada başı qarışdığını bildiriblər. Qadınlar nazirliyin qarşısını tərk etmək istəməyib. Bundan sonra onları yaşadığı ərazinin sahə müvəkkilləri zəng vuraraq oradan uzaqlaşdırmağa çalışıb.
Alternativ media yazır ki, sentyabrın 18-də Dövlət Yol Polisi Müfəttişliyində baş verən qalmaqaldan sonra qadınlara “stop” qoyulub. Bir qadın sürücü həmin gün qurumda dava salıbmış. Məsələ böyüyüb, prezident bundan xəbər tutub. Sentyabrın 21-də Berdıməhəmmədov Çakıyevə xəbərdarlıq edib və qeyri-rəsmi tapşırıq verib.
Follow @7timesaz