Dünya

“Dostları gəlib Putini öz otağında boğarlar” – Zərdüşt Əlizadə

“Dostları gəlib Putini öz otağında boğarlar” – Zərdüşt Əlizadəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna böhranında 16 fevraldan sonra ortaya atılan yeni tarix 20 fevraldır. Qərb mətbuatı bu dəfə də Rusiyanın Ukrayanaya qarşı həyata keçirəcəyi potensial hücum tarixini məhz 20 fevral kimi göstərir. Hətta siyasilərdə belə bir fikir də var ki, Vladimir Putin müxtəlif tarixlər ortaya ataraq, heç kimin gözləmədiyi tarixdə Ukraynaya hücuma keçə bilər.

Yenisabah.az-a danışan siyasi şərçi Zərdüşt Əlizadə isə məsələyə fərqli yöndən yanaşıb. O, hesab edir ki, müharibə baş verməyəcək:

“Məncə, Vladimir Putin Ukraynaya hücum etməyəcək. Çünki əks halda Rusiyanı o qədər böyük təhlükələr və cəzalar gözləyir ki, onlar müharibədən heç nə qazanmayacaq. Hətta təsəvvür edək ki, müharibə başladı və Rusiya Ukrayna ordusuna qalib gəldi. Ukraynanın yarısını və yaxud bütövünü işğal etdi. Beynəlxalq qanunlara görə, hər hansı bir dövlət işğal etdiyi ərazinin əhalisini dolandırmağa məcburdur. 35 milyonluq Ukrayna xalqını Rusiya necə dolandıracaq? Öz xalqını dolandıra bilmir, 40 milyona yaxın yoxsul var Rusiyada. İt kökündə yaşayırlar. Kasıb, çörəksiz, işsiz, bədbəxt xalqını dolandıra bilməyən Rusiya, gəlib Ukrayna xalqını dolandıracaq? Boş söhbətdir.

Bundan başqa, beynəlxalq münasibətlər sistemində Rusiya dönüb olacaq Şimali Koreya. Ona bu lazımdır? Özü də nəyin naminə? Guya təhlükəsizliyini təmin etmək naminə, amma əksinə, belə olan halda öz təhlükəsizliyini itirəcək”.

Politoloq Ukraynaya ola biləcək hücum ehtimalını özünəməxsus şəkildə şərh də verib: “Odur ki, Putin 2 halda Ukrayaya hücum edəcək: Birinci halda, o dəlidir. İkinci halda isə, Mərkəzi Kəşfiyyat İdarəsinin casusudur və ona verilən tapşırığa görə, Ukraynaya girib buranı dağıda bilər. Belə halda düşünmək olar ki, o Ukrayana hücum edəcək. Amma düşünürəm ki, nə birinci, nə də ikinci hal mümkün deyil. Putin hakimiyyətini və vəzifəsini sevir. Özü də, qohumları da, qonşuları da, dostları da, çekistlər də, uşaqlıq dostları da, cüdo dostları da, xokkey klubundakı dostları da, hamısı daraşıblar bunun şirəsinə, ölkəni yeyib dağıdırlar.

Əgər Rusiya Ukraynaya hücum etsə, Qərbin Rusiyaya qarşı ən kəskin cəza tədbirlərindən biri o olacaq ki, bu oliqarxların Qərbə qaçırdığı milyardlar, qəsrlər, yaxtalar, bunların hamısı müsadirə olacaq. Onda Putinin dostları elə gəlib onu öz otağında boğarlar. Odur ki, mən əminəm ki, müharibə olmayacaq”.

Analitik əmindir ki, hansısa bir müharibənin başlaması haqqında tarix səsləndirilirsə, bu təxminən 95% o deməkdir ki, həmin gün müharibə olmayacaq: “Çünki, adətən, müharibəni o zaman başlayırlar ki, heç kəs bunu gözləmir. Özü də, Ukrayna ilə müharibə Putinin nəyinə lazımdır? Ola bilər, mən istisna etmirəm ki, Rusiya Donetsk və Luqanskda hansısa bir məhdud miqyaslı əməliyyat aparsın və günahı yıxsın o separatçıların üstünə. Əvvəla heç kəs də buna inanmayacaq, çünki onları heç kəs tanımır. Cəza tədbirləri də Rusiyaya qarşı tətbiq olunacaq.

Mən əminəm ki, Ukraynaya gələn təhlükə bu ölkənin özünün içərisindəndir. Ukrayna öz vəziyyətini sabitləşdirməlidir və nəhayət, Ukrayna dövləti xalqının böyük yaradıcı potensialını işə salmalıdır, qayda qanun yaratmalıdır. Bu tarixlərin ortaya atılması boş söhbətlərdir”, – deyə Z. Əlizadə yekunlaşdırıb.